İRANIN NÜVƏ OBYEKTLƏRİNƏ HÜCUM EDİLƏRSƏ, O, CAVAB ZƏRBƏSİ ENDİRMƏYƏ QADİRDİR
Qəzet yazır: “Hərbi və kəşfiyyat təhlilçiləri xəbərdarlıq edirlər ki, İran öz regionunda və hətta, çox güman, ABŞ ərazisində cavab tədbirlərinə əl ata bilər”.
Yüksəkvəzifəli ABŞ və İsrail nümayəndələri bu yaxınlarda bildirmişdilər ki, əgər diplomatiya Tehranın nüvə iddialarını dayandırmaq cəhdində aciz olsa, onların ölkələri İrana qarşı hərbi güc işlədilməsini istisna etmirlər.
ABŞ kəşfiyyatı nümayəndələrinin məlumatına görə, 1980-1988-ci illərdə İraqla müharibədə çox böyük itkilər verməsinə baxmayaraq, İran 800 min nəfərə çatan güclü silahlı qüvvələrə malikdir. Mərkəzi Kəşfiyyat İdarəsi belə qənaətə gəlmişdir ki, İran öz hərbi potensialını inamla artırır. Pentaqonun Milli Aviakosmik Kəşfiyyat Mərkəzinin məlumatına görə, Tehranın Şimali Koreyanın köməyi ilə əldə etdiyi “Şahab-3” raketləri xüsusilə təhlükəlidir. Belə ki, bu raketlər İsrailə zərbə endirməyə və hətta Avropanın ətraf ölkələrinə çatmağa qadirdir. Güman edilir ki, Tehranın azı 20 buraxılış qurğusu var və aşkarlanmasın deyə, onların yerini daim dəyişirlər.
Həmin Mərkəzin məlumatına görə, indi İran yeni raket üzərində işləyir, onun uçuş radiusu əvvəlkilərdən təxminən 650 kilometr artıqdır. Tehran “X-55” tipli qanadlı raketlərə də malikdir. 2001-ci ildə Ukraynadan alınan bu raketlər nüvə döyüş başlıqları aparmağa və İtaliya sərhədlərinədək uçmağa qadirdir.