İranın siyasəti bölgədə sülh və təhlükəsizlik üçün mənfi tendensiya yaradır
Bakı, 14 aprel, AZƏRTAC
İranın siyasəti bölgədə sülh və təhlükəsizlik üçün mənfi tendensiya yaradır. Bütün hallarda İranın Ermənistanı müdafiə etməsi, ona dəstək verməsi, xüsusilə 44 günlük Vətən müharibəsindən sonra yaranmış vəziyyətdə İran tərəfinin orada gedən proseslərə mənfi istiqamətdə cəhdlər göstərməsi bunun sübutudur.
Bunu AZƏRTAC-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi bu məsələlərlə əlaqədar mövqeyini birmənalı şəkildə ifadə edib. Bildirib ki, Azərbaycan bölgədə sülh və əmin-amanlıq, sülh müqaviləsi imzalamaq istəyir: “Azərbaycan müharibə başa çatdığı zaman imzalanmış Noyabr sazişindən irəli gələn vəzifələrin yerinə yetirilməsini tələb edir. İran isə bu məsələlərlə əlaqədar maneələr törədir, açıq-aşkar Ermənistanın revanşist dairələrini himayə edir, onlara kömək edir. Son günlər baş verən hadisələr, Ermənistanın sərhəddəki təxribatları göstərir ki, onların revanşist dairələri sülh prosesinə ciddi mane olmaq istəyir. Bundan ən böyük ziyanı Ermənistan çəkəcək. İranın Azərbaycan əleyhinə yönələn siyasəti onun özü üçün sosial-iqtisadi istiqamətində ziyanlı nəticələr verəcək. Anti-Azərbaycan siyasəti bumeranq olaraq İranın özünə qayıdacaq. Azərbaycan ədalətli tərəfdir. Ədalətli tərəfin də hər zaman qalib gələcəyi bəllidir. İranın Azərbaycan daxilində din pərdəsi adı altında gizlənərək təşviqata yön verməsi, təxribatlara cəhd etməsi qəbuledilməzdir və qətiyyətlə pislənilir”.