İşğaldan azad olunmuş ərazilərdəki su anbarlarının potensialından istifadə edilməsinə başlanılıb
Tərtər, 3 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
İşğaldan azad edilən ərazilərdə meliorasiya və su təsərrüfatı əməkdaşları tərəfindən qiymətləndirmə aparılıb. Məlum olub ki, azad olunan ərazilərdə 6400 kilometrdən çox suvarma, kollektor-drenaj şəbəkələri, minlərlə subartezian quyusu, hidrotexniki qurğular, nasos stansiyaları və ondan çox su anbarı mövcuddur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Rafiq Aslanov Tərtərdə jurnalistlərə açıqlamasında deyib.
R.Aslanov qeyd edib ki, hazırda işğaldan azad edilmiş ərazilərdəki meliorasiya və su təsərrüfatı komplekslərinin bərpası həyata keçirilir.
“Ağdam rayonundakı Xaçınçay su anbarının 23 milyon kubmetr su tutumu var. Ermənilər işğal dövründə anbarı dağıdıblar. Ancaq qısa müddətdə biz orada müəyyən işlər görməklə suyun toplanmasını həyata keçirmişik. Hazırda anbarda 20 milyon kubmetr su var və inanıram ki, burada təmir-bərpa işləri bu ilin sonuna qədər başa çatdırılacaq. Füzuli rayonunda yerləşən Köndələnçayın üzərində isə 3 su anbarı mövcuddur. Orada da qiymətləndirmə işləri aparılıb. Birinci su anbarının tutumu 2,1 milyon kubmetr, ikinci su anbarının tutumu 3,5 milyon kubmetr, üçüncü su anbarının tutumu 9,5 milyon kubmetrdir. Həm Xaçınçay, həm də Köndələnçay anbarları vasitəsilə Ağdam və Füzuli rayonlarının ərazisində müəyyən qədər sahələrin suvarılması təmin olunub. Ağdamda 300 hektar, Füzulidə isə 100 hektardan yuxarı əraziyə su verilib. Çalışacağıq ki, qısa müddətdə işğaldan azad edilmiş ərazilərdə meliorasiya və su təsərrüfatı komplekslərinin bərpasını başa çatdıraq”, - deyə Rafiq Aslanov bildirib.