İspaniya istehsalı olan idman ayaqqabıları məşhur dünya brendlərinə meydan oxuyur
Madrid, 22 noyabr, AZƏRTAC
İspaniyanın “FBR” startapı idman ayaqqabısının qeyri-adi - tam dabansız növünü hazırlayıb. İxtiranın yaradıcıları olan dizaynerlərin, biomexanika üzrə mütəxəssislərin, ortopedlərin, fizioterapevtlərin, vəkillərin, jurnalistlərin və idman məşqçilərinin fikrincə, bu ayaqqabı qaçış texnikasını yaxşılaşdıracaq və idman zədələrinin sayının azalmasına kömək edəcək.
Bu ideya 5 il bundan əvvəl - Adxaranand Finnin “Keniyalılarla qaçış” kitabının təsiri ilə yaranıb. Kitabın müəllifi Keniyanın idman düşərgəsində bir neçə həftə yaşayaraq bir sirrin üstünü açmaq istəyirdi: Niyə keniyalılar hamıdan daha sürətli qaçır və bununla belə, az zədə alırlar?
Bu kitab layihənin direktoru və yüngül atletika üzrə məşqçi Frank Beneytonu ruhlandırıb. Kitab sayəsində o, öyrənib ki, afrikalılar ayaqyalın qaçaraq təbii üslubu inkişaf etdiriblər. Pəncəni basmamaq onlara daha rahat hərəkət etməyə kömək edib. A.Finn təsdiq edirdi ki, peşəkar atletlər üçün pəncənin arxa hissəsinə ağırlıq vermək yanlış və qeyri-səmərəlidir.
Bir neçə aydan sonra F.Beneyto biomexanika üzrə mütəxəssis Xavyer Qameslə tanış olub. Bu qeyri-adi konsepsiyada potensial görən mütəxəssis dərhal təklif edib ki, bu ixtira idman mühəndisliyi üzrə dünyanın ən yaxşı akademik müəssisələrindən biri olan “Sheffield Hallam” (Böyük Britaniya) Universitetində təhlil edilsin. Burada İspaniyanın “FBF” şirkətinin hazırladığı ayaqqabı modeli ilə ənənəvi idman ayaqqabılarının müqayisəsinin nəticələri hamını o dərəcədə heyrətləndirib ki, yeni ixtira 2015-ci ildə Fransada keçirilən biomexanika və ortopediya beynəlxalq konqresində və “Puatye” biomexanika konfransında təqdim olunub.
Tədqiqatlar paralel olaraq, Valensiyadakı fizioterapiya fakültəsində də aparılıb. Burada ayaq zədəsi alan idmançılar həmin ayaqqabıdan istifadə ediblər. Daha sonra tədqiqata Valensiyanın Avropa Universitetinin mütəxəssisləri də qoşulublar. Onlar təsdiq ediblər ki, zədə alan idmançıların ağrı hissləri yox olub və onlar sərbəst olaraq “FBF” idman ayaqqabılarında məşq ediblər. Buna səbəb isə ayaqqabının ayaqda olan əzələlərə minimal təsiri və qaçış texnikasını yaxşı istiqamətə doğru dəyişməsi olub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid