DÜNYA
İspaniya müxalifət lideri hökuməti formalaşdırmaq təşəbbüsünü irəli sürüb

Bakı, 24 iyul, AZƏRTAC
İspaniyada keçirilən növbədənkənar ümumi seçkilərdə qalib gələn mühafizəkar Xalq Partiyasının lideri Alberto Nunyes Feijoo hökuməti formalaşdırmağa cəhd etməyə hazır olduğunu bildirib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Alberto Nunyes Feijoo hökuməti formalaşdırmaq üçün dialoqa başlamaq təşəbbüsünü üzərinə götürdüyünü söyləyib və digər siyasi qüvvələri bu təşəbbüsün qarşısını almamağa çağırıb.
Xatırladaq ki, seçki bülletenlərinin 99 faizinin sayılmasından sonra 350 yerlik Deputatlar Konqresində (parlamentin aşağı palatası) mühafizəkar Xalq Partiyası 136 yer alır. Ondan sonra Baş nazir Pedro Sançesin İspaniya Sosialist İşçi Partiyası (122 mandat) gəlir. İfrat sağçı “Vox” partiyası 33, solçu “Sumar” hərəkatı isə 31 yer alır. Hökuməti sərbəst formalaşdırmaq üçün heç bir siyasi qüvvə parlamentdə mütləq səs çoxluğu əldə edə bilməyib.