İspaniyanın Baş Nazirinin müavini Avroqrupun sədri vəzifəsinə namizəddir
Madrid, 25 iyun, AZƏRTAC
Bu gün İspaniya hökuməti Avroqrupun sədri vəzifəsinə portuqaliyalı Mario Sentenonun yerinə İqtisadiyyat naziri Nadiya Kalvinyonun namizədliyini elan edib.
AZƏRTAC xəbər verir ki, İspaniya hökumətinin bu barədə bəyanatında deyilir: “Daha güclü və vahid Avropa yaradılması və Avrozona üzvləri arasında əməkdaşlıq üçün əsas orqan olan Avroqrupun sədri vəzifəsinə İspaniya hökumətinin Baş Nazirinin iqtisadiyyat üzrə müavini Nadiya Kalvinyonun namizədliyi irəli sürülüb”.
İspaniyanın Baş Naziri Pedro Sançesin fikrincə, Nadiya Kalvinyo Avroqrupa rəhbərlik etsəydi, bu, İspaniya hökuməti üçün şərəf olardı. İspaniya indiyə qədər heç vaxt bu məsuliyyəti öz üzərinə götürməyib və əvvəllər heç vaxt bu vəzifəni qadın tutmayıb.
N.Kalvinyo 2018-ci ildən İspaniyanın İqtisadiyyat naziri, 2020-ci ilin yanvar ayından hökumətin sədrinin müavinidir.
Əgər Kalvinyo Avroqrupun sədri olarsa, Avropa təsisatlarında İspaniyanın üç yüksək vəzifəli nümayəndəsi olacaq. Belə ki, Cozep Borrell 2019-cu ildən İttifaqın xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi kimi komissiya sədrinin mavini vəzifəsini tutur, Luis de Quindos isə 2018-ci ildən Avropa Mərkəzi Bankının sədrinin müavinidir.
Avroqrupun sədri vəzifəsinə seçkilər iyulun 9-da keçiriləcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid