DÜNYA
İsrail Knesseti Netanyahunun yeni hökumətinə etimad göstərdi
Bakı, 29 dekabr, AZƏRTAC
Knesset (İsrail parlamenti) cümə axşamı günü 1 noyabr seçkilərinin nəticələrinə əsasən Likud partiyasının lideri Benyamin Netanyahunun qurduğu hökumətə etimad göstərib.
AZƏRTAC İsrailin Kan telekanalına istinadla xəbər verir ki, elektron səsvermə zamanı 120 deputatdan 63-ü yeni Nazirlər Kabinetinə etimad göstərilməsinin lehinə, 54-ü əleyhinə səs verib.
Benyamin Netanyahu artıq İsrailin yeni Baş naziri kimi and içib, hazırda nazirlərin andiçməsi keçirilir
Xatırladaq ki, noyabrın 1-də İsraildə 2019-cu ildən bəri beşinci parlament seçkiləri keçirilib. Seçkinin nəticələrinə görə, birinci yeri 120 yerlik parlamentdə 32 yer qazanmış Benyamin Netanyahunun “Likud” partiyası, ikinci yeri 24 mandatla Yair Lapidin “Yeş Atid” partiyası tutub.
Bu, Netanyahunun siyasi karyerasında altıncı baş nazirliyi, İsrailin isə sayca 37-ci hökumətidir. O bundan əvvəl 1996-1999-cu və 2009-2021-ci illərdə Baş nazir olub. Netanyahu and içdiyi andan Yair Lapid keçid hökumətinin başçısı vəzifəsini dayandırıb və müxalifətə keçib.