CƏMİYYƏT
İsrailli səfir: Əminəm ki, COP29-da bir çox məsələ həllini tapacaq
Bakı, 13 noyabr, AZƏRTAC
"COP29-da təşkilatçılıq əladır. Bizi buraya dəvət etdiyi və İsrail nümayəndə heyətini Bakıda çox səmimi qarşıladığı üçün Azərbaycan hökumətinə təşəkkür edirik. Burada hər şey çox yaxşı gedir. Biz, həmçinin Azərbaycana İsrail ilə yaxşı münasibət və dostluğa görə çox minnətdarıq".
Bu sözləri AZƏRTAC-a açıqlamasında İsrailin iqlim dəyişikliyi və davamlılıq üzrə səfiri və xüsusi nümayəndəsi Gideon Beçard deyib.
O, iqlim dəyişikliyinin İsrailə çox təsir etdiyini bildirib: "Bizdə temperatur Azərbaycandakından yüksəkdir və bu, getdikcə daha da artır. İsrail ərazisinə çox az yağış yağır. Digər problemimiz isə dəniz səviyyəsinin qalxması ilə bağlıdır. Bu, bizim üçün mühüm məsələdir".
Səfir COP29-dan gözləntilərinin böyük olduğunu diqqətə çatdırıb: "Burada yaxşı nəticələr əldə edəcəyimizi düşünürəm. Əminəm ki, COP29-da bir çox məsələ həllini tapacaq və növbəti ildə Braziliyada keçiriləcək COP30-a öz töhfələrini verəcək".
G.Beçard İsrail və Azərbaycanın çox isti dostluq münasibətlərinə malik olduğunu qeyd edib: "İki ölkə arasında əlaqələr iqlim innovasiyası sahəsində də mövcuddur. Beləliklə, İsrail və Azərbaycan arasında su, kənd təsərrüfatı, bərpaolunan enerji sahələrində əməkdaşlıq var. İsraildə, həmçinin texnologiya sahəsində çoxlu yenilik var. Biz onları Azərbaycanla bölüşmək və bu texnologiyaların sizin ölkənizdə, İsraildə və bütün dünyada təsirini artırmaq üçün birgə işləmək istəyirik. Buna görə də biz su, kənd təsərrüfatı, bərpaolunan enerji, ərzaq təhlükəsizliyi və iqlim texnologiyaları sahələrində mövcud olan əməkdaşlığı davam etdirməyi və gücləndirməyi səbirsizliklə gözləyirik".
O, Bakı Olimpiya Stadionunda yerləşən İsrail pavilyonu barədə də öz fikirlərini bölüşüb: "İsrail pavilyonu, məncə, COP29-un ən yaxşılarından biridir. Mən Azərbaycandan olan insanları və mütəxəssisləri bu pavilyona gəlməyə və buranı ziyarət etməyə dəvət edirəm. Çünki bizim iqlimlə bağlı çox yaxşı və maraqlı tədbirlərimiz olacaq".