“İşsizlikdən sığorta haqqında” Qanuna hansı dəyişikliklər edildi?
Bakı, 22 dekabr, AZƏRTAC
Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən “İşsizlikdən sığorta haqqında” Qanuna dəyişiklikləri qəbul edib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin dekabrın 22-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Üçüncü oxunuşda təqdim olunan sənədə görə, qanunla müəssisənin mülkiyyətçisi dəyişdikdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ç) bəndinə əsasən əvvəllər müvafiq vəzifədə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinə dəyişikliklərə əsasən müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə qayıtmaq hüququndan istifadə etdikdə, “30” rəqəmləri “24” rəqəmləri ilə əvəz edilir.
Beləliklə, hazırkı qanunda əmək müqaviləsinin vaxtı bitdikdə işsizlikdən sığorta ödənişi edilirdi. Bu ödəniş işçinin sığorta stajı ən azı 30 ay olduğu halda verilirdi. Dəyişikliyə əsasən isə, bu 30 ay 24 aya endirilir və yarım il güzəşt imkanı yaranır.
Dəyişikliyin digər üstünlüyü isə ondan ibarətdir ki, bu üç hal altı hala qədər artırılır. Belə ki, müəssisənin mülkiyyətçisi dəyişən zaman işçi işdən çıxırsa və yaxud müəssisənin ştatlarını ləğv edirsə, bu halda Əmək Məcəlləsinə əsasən, işçiyə işsizlikdən sığorta müavinəti verilir. Digər halda isə əvvəllər müvafiq işdə çalışmış, sonra işdən çıxmış, amma məhkəmənin qərarı ilə yenidən işinə bərpa olunan işçi də işsizlikdən sığorta müavinətindən istifadə edə biləcək.
Üçüncü hal isə ondan ibarətdir ki, əgər şəxs hərbi xidmətdə olubsa və qayıdıb yenidən öz işinə bərpa olunursa, bu halda da onun yerində çalışan işçi özündən asılı olmayaraq işini itirir. Bu halda həmin şəxs də işsizlikdən sığorta haqqı ala biləcək.