QAN YADDAŞI
İstanbulda 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anma mərasimi keçirilmişdir
İstanbul, 30 mart (AZƏRTAC). Türk Ocaqları İstanbul şöbəsində 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anma mərasimi keçirilmişdir.
Mərasim iştirakçıları şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etmişlər.
Türkiyə və Azərbaycanın dövlət himnləri səslənmişdir.
Türk Ocaqları İstanbul şöbəsinin sədri, doktor Cezmi Bayram mərasimi açaraq, bütün dünyada saxta “soyqırımı” təbliğatı aparan ermənilərin Anadoluda və Azərbaycanda törətdikləri qətliamlardan bəhs etmişdir. Onun sözlərinə görə, 1918-ci ildə və ən yeni tariximizdə - 1992-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımıların bütün dünyada tanıdılması erməni lobbisinin uydurma “soyqırımı” təbliğatını ifşa etmək üçün ən təsirli vasitədir. Türk Ocaqları Xocalı soyqırımının tanınması üçün Türkiyə parlamentinə də müraciət edəcəkdir.
Memar Sinan Universitetinin professoru Nesrin Sarıahmetoğlu Osmanlı imperiyasının son illərində erməni quldur dəstələrinin Şərqi Anadolu torpaqlarında törətdikləri qətliamlardan ətraflı bəhs etmişdir. “Qarabağ”, “Mübarizəyə həsr olunmuş ömür: Nəriman Nərimanov”, “Neftin sirli dünyası: Bakı”, “1905-1920-ci illərdə Azərbaycan-Ermənistan münasibətləri” kitablarının müəllifi olan araşdırmaçı-alim daşnak quldur dəstələrinin Bakıda və Azərbaycanın digər ərazilərində törətdikləri qətliamlardan da konkret faktlar əsasında bəhs etmişdir.
Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva 1918-ci il martın 31-də erməni-daşnak silahlı dəstələrinin Azərbaycanda dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər, XX əsrin sonlarında da Xocalı soyqırımı və digər qətliamlardan ətraflı bəhs etmişdir. Millət vəkili vurğulamışdır ki, dünyada ən fəal sosial şəbəkə istifadəçiləri olan türk dünyasının gəncləri milli məsələlərə daha çox diqqət yetirməlidirlər. Bu günlərdə Ankaranın Kızılcahamam bələdiyyəsi məclisinin Xocalı soyqırımını tanımasını xatırladan millət vəkili demişdir ki, qardaş ölkənin bütün bələdiyyələri bu istiqamətdə müvafiq addımlar atmalıdır.
Anma mərasimində Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının hazırladığı “Azərbaycan həqiqətləri” adlı sənədli filmlər toplusu, Q.Paşayeva və Dağlıq Qarabağın Azərbaycanlı İcması İdarə heyətinin üzvü Həvva Məmmədovanın həmmüəllifi olduqları “Xocalı soyqırımı: şahidlərin dili ilə”, “Qaradağlı soyqırımı şahidlərin dili ilə” kitabları, “Ruhum Qarabağlıdır” filmləri iştirakçılarda təqdim edilmişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara