İSTANBULDA BƏSTƏKAR İLYAS MİRZƏYEVİN “ÜÇ DƏNİZİN SƏSİ” SİMFONİYASININ PREMYERASI OLMUŞDUR
Simfoniyanın müəllifi AZƏRTAC-ın xüsusi müxbirinə eksklüziv müsahibəsində bildirmişdir ki, üç dəniz – Xəzər, Aralıq və Qara dənizlərin əhatə etdiyi regionda yerləşən ölkələrin xalqlarının çiçəklənməsi naminə getdikcə inkişaf edən iqtisadi əməkdaşlığa həsr etdiyi bu əsəri Türkiyənin Teksen Holdinq şirkətinin sifarişi ilə yaratmış və bugünkü premyeranın sponsoru da həmin şirkətdir.
Daha çox firavan gələcəyə inam hissindən qaynaqlanan nikbin notlar üzərində köklənmiş simfoniya Teksen Holdinqin simfonik orkestrinin ifasında tanınmış türk dirijoru Saim Akçunun idarəsi ilə səslənmişdir.
Əsərdə regionda yaşayan xalqların qədim musiqi alətlərinin solo ifası alqışlarla qarşılanmışdır. Azərbaycanın xalq artisti Şəfiqə Eyvazovanın kamança, türk musiqiçiləri Ərcan İrmakın ney, Göksel Bakdegirin kanon, Yurdal Tokcarın ud və müəllifin pianoda səsləndirdikləri solo ifalar konserti dinləyənlərin böyük marağına səbəb olmuşdur.