İSTANBULDA ERMƏNİ KONFRANSININ KEÇİRİLMƏSİNƏ MANE OLMUŞ TÜRKİYƏLİ VƏKİL AVROPALI PARLAMENT ÜZVÜNÜ MƏHKƏMƏYƏ VERMİŞDİR
Ermənilərin və PKK kürd təşkilatının Türkiyə əleyhinə yönəlmiş fəaliyyətlərinə bəzi avropalı parlament üzvlərinin rəvac verdiyini qeyd edən Kamal Kəriczis onun ölkəsinə və Türkiyə Silahlı Qüvvələrinə həqarət etdiyi üçün İstanbulun Bəyoğlu Prokurorluğuna iddia ərizəsi ilə müraciət etmişdir. O, avropalı deputatı məhkəmələrə təsir etməkdə də günahlandırır.
Bu arada Baş nazir Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Nazirlər Şurasının dekabrın 19-da keçirilmiş iclasında da Aİ-Türkiyə parlamentlərarası komissiyasının həmsədrinin bəyanatları sərt şəkildə pislənilmişdir. İclasdan sonra müsahibə verən ədliyyə naziri Cəmil Çiçek bildirmişdir ki, Joost Lajendikin “Türkiyə Silahlı Qüvvələri PKK ilə müharibədən zövq alır” sözləri Türkiyə hökumətinin və ictimaiyyətinin hiddətinə səbəb olmuşdur.
Nazir, həmçinin Avropa İttifaqının Orxan Pamukun məhkəməsi ilə əlaqədar bəyanatlarını da pisləmiş və bu cür bəyanatların yolverilməz olduğunu söyləmişdir. Xatırladaq ki, yazıçı Orxan Pamuk türklüyə həqarət və sözdə erməni soyqırımını dəstəkləyən bəyanatlarına görə məhkəməyə verilmişdir.