İstanbulda “Türk dünyasının Umay anaları” mükafatı sahiblərinə təqdim edilib
İstanbul, 22 dekabr, AZƏRTAC
İstanbulda “Türk dünyasının Umay anaları” mükafatının təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Umay Ana Türk Dünyası Qadınlar Birliyi tərəfindən Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibətilə təsis edilən mükafat Türk dünyasına xidmət edən və bu çərçivədə gördüyü işlərlə önə çıxan qadınlara təqdim edilib.
Tədbirdə çıxış edən birliyin sədri professor Mualla Uydu Yücel rəhbərlik etdiyi qurumun Türk dünyasındakı bütün qadınların səsi olmaq üçün 2021-ci ildə yaradıldığını deyib.
Bildirilib ki, Türk dünyasına xidmətlərinə görə seçilən xanımlar üçün təsis olunan bu mükafatın təqdim edilməsi gələcək illərdə də davam etdiriləcək.
Mükafata layiq görülənlər arasında Azərbaycanın Xalq artisti Azərin və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının Baş katibi, İstanbul-Azərbaycan Dostluq Dərnəyinin qurucu rəhbəri Xuraman Hülya Ağamirzə də var.
Hisslərini tədbir iştirakçıları ilə bölüşən Xuraman Hülya Ağamirzə bu mükafatı bütün analar adına aldığını ifadə edib.
Çıxışında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev və Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkü xatırlayan Xuraman xanım bu gün hər iki qardaş ölkədə anaların, qadınların firavan yaşamasının məhz bu iki dahi şəxsiyyətin əvəzsiz xidmətlərinin bəhrəsi olduğunu xüsusi vurğulayıb.
Tədbirdə Türk dünyasına xidmət edən qadınlar arasında xüsusi yeri olan mərhum deputat Qənirə Paşayevanın xatirəsi anılıb.