İSTANBULDA “XOCALI VƏ İNSAN HAQLARI” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Ankara, 2 mart (AZƏRTAC). Azərbaycanın İstanbuldakı baş konsulluğu və Türk Dünyası İnsan Haqları Dərnəyi (TDİHD) İstanbulda “Xocalı və insan haqları” mövzusunda konfrans keçirmişlər.
Konfrans iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anmışlar.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilmişdir.
Heydər Əliyev Fondunun hazırladığı Xocalı soyqırımından bəhs edən filmin nümayişindən sonra TDİHD-in İstanbul təmsilçisi Erol Şahingil bu konfransın BMT-nin İnsan Haqları Bəyannaməsinin qəbul edilməsinin 60-cı ildönümü ilə bağlı keçirildiyini demişdir. O, əsas məqsədin ermənilər və onların havadarları tərəfindən Xocalıda törədilən qətliamın - bəşəriyyətin tarixində ən qanlı səhifələrdən biri olan qırğının təkrarlanmaması üçün əsl həqiqətlərin dünyaya çatdırılması olduğunu bildirmişdir.
Ölkəmizin İstanbuldakı baş konsulu Səyyad Salahlı Xocalı qətliamından, ermənilərin törətdikləri digər vəhşiliklərdən ətraflı danışaraq vurğulamışdır ki, Türkiyədə ermənidən “üzr istəmə” kampaniyasına qoşulanlar düşmənin dəyirmanına su tökənlərdir. Onlar əslində Xocalı soyqırmı ilə bağlı ermənilərin üzr istəməsini tələb etməlidirlər.
İstanbul Universitetinin professoru Mustafa Erkal, Yıldız Texniki Universitetinin professoru Adil Allahverdiyev, Türkiyə Həmkarlar Konfederasiyasının xarici əlaqələr şöbəsinin müdiri Əhməd Dəmirçi “bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyənin məkrli erməni təbliğat maşınına qarşı birgə fəaliyyətinin gücləndirilməsinin zəruriliyini vurğulamış, bunun Xocalı soyqırımının bütün dünyada tanınmasında böyük rol oynayacağını bildirmişlər.
TDİHD-nin sədri Abdullah Buksur və dərnək üzvləri Ankarada Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar BMT-nin Türkiyə nümayəndəliyinin qarşısına qara çələng qoymuşlar. Abdullah Buksur qəbul etdikləri müraciəti oxumuş və nümayəndəliyə təqdim etmişdir. Müraciətdə uşaq qatilləri olan erməni quldurlarının beynəlxalq məhkəmədə cəzalandırılması tələb olunur.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara