İstehlaka yararsız ərzaq malları satışdan çıxarılmışdır
Bakı, 6 noyabr (AZƏRTAC). Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, monitorinqlər zamanı Bakının Binəqədi, Abşeron rayonlarında, eləcə də Sumqayıt, Tovuz, Ağstafa, Mingəçevir və Xudatda mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmışdır. Ümumilikdə, monitorinqlər zamanı 270 kiloqrama yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcəkdir.