İsveçrədə nəşr olunan “Dost” qəzetinin növbəti nömrəsi Xocalı soyqırımına həsr olunmuşdur
Bakı, 24 fevral (AZƏRTAC). İsveçrədə fəaliyyət göstərən İsveçrə-Azərbaycan Türk Cəmiyyətinin mətbu orqanı olan “Dost” qəzetinin növbəti nömrəsi Xocalı soyqırımına həsr olunmuşdur.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ingilis və fransız dillərində 20 min tirajla nəşr olunan qəzetdə Xocalı soyqırımı barədə ətraflı məlumat verilmiş, bu qətliamın müxtəlif beynəlxalq təşkilatlar tərəfindən pislənildiyi qeyd olunmuşdur.
Qəzetdə dərc olunmuş yazılarda Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərindəki dinc sakinlərə qarşı törədilən soyqırımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli qırğınlarından biri kimi dəyərləndirilir. Məqalələrdə bu faciənin insanlıq və bəşəriyyətə qarşı cinayət olduğu vurğulanır.
“Dost” qəzetində bu faciələrin Xocalı əhalisinin başına yalnız azərbaycanlı olduqları üçün gətirildiyi bildirilir və gələcəkdə bir daha belə dəhşətli qırğınların baş verməməsi üçün dünya ictimaiyyətinin bu faciəni soyqırımı tanımasının vacibliyi vurğulanır.
İsveçrədə təqribən 3800 azərbaycanlı və 120 minə yaxın türk yaşayır.