İtaliyada koronavirusa qarşı peyvənd olunan insanların sayı 2 milyonu ötüb
Roma, 2 yanvar, AZƏRTAC
İtaliyada koronavirusa qarşı peyvəndlənən şəxslərin sayı iki milyon nəfəri ötüb.
AZƏRTAC xəbər verir ki, bununla da İtaliya Avropa İttifaqı ölkələri arasında virusa qarşı ən çox peyvənd tətbiq edilmiş ölkə olub. Ötən il dekabrın 27-dən başlayan vaksinasiya kampaniyasında peyvənd dozalarının çatdırılmasında ləngimələr olsa da, ölkənin əksər regionlarında yaşlı əhalinin vaksinasiyası uğurla aparılır. İndiyədək əsasən yaşı 80-dən yuxarı şəxslər, ahıllar evlərinin sakinləri və tibbi heyət peyvəndləmə prosesinə cəlb olunub.
Hökumətin koronavirus pandemiyası ilə əlaqədar yaratdığı məşvərətçi elmi komitənin rəhbəri Aqostino Miotso bildirib ki, əhalinin yaşı 60-dan aşağı olan təbəqəsinin vaksinasiyası başlayanda paralel şəkildə iş yerlərində də peyvənd aksiyaları aparılacaq. Qeyd edilib ki, orta və iri şirkətlərdə bu işi asanlıqla həyata keçirmək olar və ölkə iqtisadiyyatı üçün bu kimi aksiyaların töhfəsi böyük ola bilər.
Fevralın 1-dən etibarən İtaliyada bir sıra karantin qaydaları yumşaldılıb, restoran və muzeylərin fəaliyyəti bərpa edilib, regionlararası səfər imkanları asanlaşdırılıb. Bu yumşaldılmadan istifadə edən minlərlə italyanın şəhər küçələri, park və meydanlarda hərəkəti ölkə mətbuatının diqqətindən qaçmayıb. Epidemioloqlar insanları karantin qaydalarının yumşaldılmasından sui-istifadə etməməyə çağırıblar və bildirilib ki, bu cür yanaşma yaz aylarında üçüncü infeksiya dalğasını labüd edə bilər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma