İtaliyanın “Turizmo” portalı Bakının turizm imkanlarından bəhs edib
Roma, 13 sentyabr, AZƏRTAC
İtaliyanın “Turizmo” portalında Bakının turizm imkanlarından bəhs edən yazı yerləşdirilib.
Məqalədə vurğulanır ki, Xəzərin sahilində yerləşən Azərbaycanın paytaxtı, müasir meqapolisə çevrilmiş Bakı sürprizlərlə dolu və özünəməxsus şəhərdir. Şərqin ən qədim və önəmli şəhərlərindən biri hesab olunan Bakı Xəzərin “Monte-Karlo”su adlandırılır. Kosmopolit şəhər sayılan, sürətlə simasını dəyişən Bakı keçmişlə gələcəyin vəhdətini fərqli şəkildə əks etdirir. Bu şəhərdə UNESCO-nun dünya irs siyahısına daxil edilmiş İçərişəhər ilə yanaşı, müasir tikililər, yeni yeraltı keçidlər, bir çox xarici turistləri cəlb edən digər müasir məkanlar mövcuddur. Müəllif Bakıya səfər etmək niyyətində olan turistlərə qədim qala divarları ilə əhatə olunmuş, dar və mənzərəli küçələri ilə gözoxşayan İçərişəhəri kəşf etməyi məsləhət görür. Eyni zamanda, burada yerləşən Qız qalasının, Şirvanşahlar sarayının və digər önəmli abidələrin tarixindən də bəhs edir.
Yazıda, həmçinin Azərbaycanda fəaliyyət göstərən muzeylər barədə məlumat verilir. Bildirilir ki, muzeylər bu ölkənin incəsənəti, mədəniyyəti, ədəbiyyatı və tarixi ilə yaxından tanış olmaq istəyən turistlər üçün yaxşı imkan yaradır.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma