İtmiş VIII Henri portreti “X” sosial şəbəkəsi vasitəsilə tapılıb
Bakı, 29 iyul, AZƏRTAC
Britaniyalı incəsənət tarixçisi sosial şəbəkə vasitəsilə kral VIII Henrinin itmiş portretini aşkar edib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, təsviri sənət tədqiqatçısı Adam Busyakeviç “X” xəbər lentini nəzərdən keçirərkən, onun diqqətini izlədiyi istifadəçilərdən birinin yazısı çəkib. Həmin fotonu Uorvikşir ştatının lord-leytenantı Tim Koks paylaşıb. Bu tabloda qraflığın Şurasının yerləşdiyi “Warwick Shire Hall”dakı rəsmi qəbulda bir toplantı təsvir olunub.
Busyakeviç bloqunda divarda fərqli qövsvari zirvəsi olan bir rəsm gördüyünü bildirib. Bu, ona 1590-cı illərdə siyasətçi və qobelen ustası Ralf Şeldonun sifarişi ilə çəkilmiş 22 portret seriyasını xatırladıb. Onun sözlərinə görə, Şeldonun Uorvikşirdəki Veston evi üçün əsasən kralların, kraliçaların və məşhur müasir beynəlxalq xadimlərin rəsmləri sifariş edilib. Mütəxəssis izah edib ki, portretlərdəki tağlı zirvələr əvvəllər Vestondakı Uzun Qalereyanın memarlıq frizinin bir hissəsi olması ilə əlaqədardır.
Rəsmdə 1839-cu ildə antikvar Henri Şou tərəfindən yaradılmış Uzun Zalın qravürasına bənzər qılınc və lələkli papağı olan kral təsvir edilib. Busyakeviç öz ehtimalını irəli sürdükdən sonra rəsmə daha yaxından baxmaq üçün yerli tarixçi Aaron Manning ilə birgə “Warwick Shire Hall”a baş çəkib. Ekspert qeyd edib ki, portret Şeldonun digər portretləri ilə uyğundur. Hazırda bu rəsmin mənşəyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.