Kamran Bayramov: Sağlamlığımızın keşiyində duran həkimlər fəxrimiz və qürurumuzdur
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycan səhiyyəsində uzun illər boyu əldə edilmiş nailiyyətlər artıq bu gün öz bəhrəsini verir. Bu müddət ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə çoxsaylı tibb müəssisələri inşa edilərək istifadəyə verilib, həkimlərin maddi təminatı yaxşılaşdırılıb, peşəkar kadrlar yetişdirilib, tibbi personalın peşəkarlıqla fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
Həkimlərimizə verilən dəyərin və fəaliyyətlərinə bəslənilən əhəmiyyətin təzahürü olaraq Azərbaycanın tibb işçilərinin peşə bayramının təsis edildiyini və hər il iyunun 17-də bu bayramın qeyd olunduğunu söyləyən K.Bayramov deyib: “Həkimlik çox nəcib və məsuliyyətli peşədir, insanların sağlamlığını qorumaq, onlara ömür bəxş etmək, yaşatmaq isə müqəddəs və şərəfli bir vəzifədir. Bizim həkimlərimiz və tibb işçilərimiz hər zaman, xüsusilə də ölkəmizi bürümüş koronavirus pandemiyası dövründə bu vəzifəni məsuliyyətlə və vicdanla yerinə yetirirlər. Ölkə vətəndaşlarının qorunması, onların sağlamlığının müdafiəsi əsas vəzifələrinə çevrilib. Belə gərgin günlərdə tibb işçilərinin üzərinə böyük məsuliyyət düşür və bu ağır dövrdə sağlamlığımızın keşiyində duran həkimlər bu günün qəhrəmanlarıdır, fəxrimiz və qürurumuzdur”.
Deputat qeyd edib ki, dövlətimiz öz vətəndaşlarının sağlamlığının qorunması, koronavirus xəstəliyinə yoluxmuş insanların müalicəsi ilə gecə-gündüz məşğul olan tibb işçilərinin əməyini yüksək qiymətləndirir, onlara maddi və mənəvi dəstək göstərir: “Koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, habelə tibb işçilərinin peşə bayramı ərəfəsində Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların və “Tərəqqi” medalının verilməsi haqqında Prezidentin imzaladığı sərəncamlar da göstərilən dəstəyin bariz nümunəsidir”.