Kanadalı urbanist: Dayanıqlı şəhər inkişafının əsasında məlumatlara əsaslanan idarəetmə dayanır
Bakı, 8 iyul, AZƏRTAC
Bu gün şəhərlər qlobal dəyişikliklərin əsas mərkəzlərinə çevrilir. Məhz şəhərlərdə XXI əsrin əsas çağırışları - əhalinin sürətli artımı, iqlim dəyişikliyi, infrastruktura artan yük, dayanıqlı iqtisadi inkişafa ehtiyac və rəqəmsal texnologiyaların tətbiqi cəmləşib. Bu şəraitdə şəhərsalma texniki fəndən kənara çıxır və ölkələrin gələcəyini və milyonlarla insanın həyat keyfiyyətini müəyyən edən strateji alətə çevrilir.
Azərbaycan bu gün bu proseslərin xüsusilə nəzərə çarpdığı ölkələrdən biridir. Ərazilərin bərpası və inkişafı üzrə genişmiqyaslı layihələr, şəhərlərin idarə edilməsində rəqəmsal həllərin tətbiqi, habelə planlaşdırmaya strateji yanaşma davamlılıq, səmərəlilik və yüksək həyat keyfiyyəti prinsiplərinə əsaslanan müasir şəhərsalma modelini formalaşdırmaq üçün unikal fürsət yaradır. Bu kontekstdə beynəlxalq təcrübə və şəhərsalma sahəsində aparıcı mütəxəssislərlə peşəkar dialoq xüsusilə vacibdir.
Kanadalı urbanist və şəhərsalma üzrə beynəlxalq lider Eleanor Məhəmməd AZƏRTAC-a verdiyi müsahibədə gələcəyin şəhərlərinin necə formalaşdığından, rəqəmsal texnologiyaların bu prosesdə oynadığı roldan və davamlı şəhərsalmanın əsasını təşkil edən prinsiplərdən bəhs edir. O, BMT-Habitat Peşəkar Mütəxəssislər Forumunun sədri, Ərəb Şəhərsalma İnstitutunun Məşvərət Şurasının üzvü və Kanada Milli Paytaxt Komissiyasının Direktorlar Şurasının üzvüdür.
- Azərbaycan kimi infrastrukturu fəal şəkildə modernləşdirən ölkələrdə dayanıqlı şəhərlərin inkişafında müasir şəhər məlumatlarının və rəqəmsal modelləşdirmənin rolunu necə qiymətləndirirsiniz?
- BMT-Habitat Peşəkar Forumunun sədri olaraq, şəhər məlumatlarını və rəqəmsal modelləşdirməni müasir şəhərsalma mütəxəssisləri üçün ən güclü əlçatan alətlərdən biri hesab edirəm.
Ən uğurlu şəhərlər yerli konteksti, iqtisadi inkişafı, ekoloji dayanıqlılığı və həyat keyfiyyətini tarazlaşdıraraq məlumatlara əsaslanan qərarlar qəbul edən şəhərlərdir. Müasir rəqəmsal alətlər insanların şəhər məkanında necə hərəkət etdiyini, infrastrukturun necə fəaliyyət göstərdiyini, iqlim risklərinin hansı istiqamətdə inkişaf edə biləcəyini və bu gün həyata keçirilən investisiyaların gələcək nəsillərə necə təsir göstərəcəyini daha dəqiq qiymətləndirməyə imkan verir.
Azərbaycan kimi modernləşməyə və innovasiyaya ardıcıl şəkildə investisiya yatıran ölkələr üçün rəqəmsal modelləşdirmə strateji planlaşdırmanı və qərar qəbuletmə prosesini gücləndirən mühüm vasitədir. Bu yanaşma dövlət qurumlarına müxtəlif inkişaf ssenarilərini qiymətləndirməyə, resurslardan daha səmərəli istifadə etməyə, dayanıqlılığı artırmağa və daha uzaqgörən qərarlar qəbul etməyə şərait yaradır.
Eyni dərəcədə əhəmiyyətli olan odur ki, rəqəmsal alətlər şəhər idarəetmə sistemlərinin daha səmərəli fəaliyyətini təmin edə bilər. Dünyanın sürətlə inkişaf edən şəhərləri davamlı inkişafı təmin etmək məqsədilə planlaşdırma, infrastruktur, maliyyə idarəçiliyi və ictimai xidmətlərin göstərilməsi sahələrini getdikcə daha sıx əlaqələndirməyə çalışırlar. Rəqəmsal modelləşdirmə bu sistemlər arasındakı qarşılıqlı əlaqələri daha dərindən anlamağa və əlaqələndirilmiş qərarların qəbuluna imkan yaradır. Nəticə etibarilə, uğurlu şəhərsalma torpaqdan istifadə, nəqliyyat, mənzil təminatı, infrastruktur, ətraf mühit sistemləri və iqtisadi inkişafın vahid, qarşılıqlı uzlaşdırılmış konsepsiya əsasında planlaşdırılmasına söykənir.
- Azərbaycan “ağıllı” şəhərlərin inkişafına və azad edilmiş ərazilərin bərpasına fəal şəkildə investisiya qoyur. Bu cür irimiqyaslı layihələr üçün hansı şəhərsalma prinsiplərini ən vacib hesab edirsiniz?
- Yeni tikinti və bərpa prosesinin birinci prinsipi uzunmüddətli dayanıqlılıqdır. Böyük layihələr yalnız bugünkü ehtiyacları deyil, insanların və icmaların onilliklər sonra qarşılaşacaqları tələbatı da nəzərə almalıdır. Bu, iqtisadi, demoqrafik, iqlim və texnoloji dəyişikliklərə uyğunlaşa bilən məkanların yaradılması deməkdir. Hər bir investisiya icmaların gələcək inkişaf potensialını daha da gücləndirməlidir.
İkinci prinsip landşaft əsaslı planlaşdırmadır. Şəhərlər ətraf mühitdən ayrı mövcud olmur. Su sistemləri, relyef, iqlim, biomüxtəliflik və təbii ehtiyatlar ikinci dərəcəli amillər kimi deyil, şəhərin əsas infrastrukturu kimi qəbul edilməlidir. Dünyada formalaşan müasir yanaşma göstərir ki, yaşıl infrastruktur və təbiətə əsaslanan həllər yalnız ətraf mühitin yaxşılaşdırılmasına xidmət etmir, onlar həm də iqlimə davamlılığın, ictimai sağlamlığın və uzunmüddətli sosial-iqtisadi inkişafın əsas dayaqlarından biridir.
Üçüncü prinsip tam və inteqrasiya olunmuş icmaların formalaşdırılmasıdır. Uğurlu şəhərin əsas göstəricisi insanların mənzil, məşğulluq, təhsil, səhiyyə, istirahət və ictimai xidmətlərə rahat çıxışını təmin etməsidir. Torpaqdan istifadə, nəqliyyat və ictimai infrastruktur uzunmüddətli dayanıqlılıq və iqtisadi rifah naminə yerli icmaların iştirakı ilə əlaqələndirilmiş şəkildə planlaşdırılmalıdır.
Dördüncü prinsip mədəni kimliyin və məkanın özünəməxsus ruhunun qorunmasıdır. Şəhər məkanları yalnız binalar və yollardan ibarət deyil. Onlar tarixin, kollektiv yaddaşın, mədəniyyətin və mənsubiyyət hissinin ifadəsidir. Uğurlu inkişaf və bərpa prosesi mədəni irsə hörmətlə yanaşmaqla yanaşı, innovasiyalar üçün də imkan yaratmalıdır ki, insanlar yaşadıqları mühitlə özlərini eyniləşdirə bilsinlər.
Beşinci prinsip iştirakçılığa və əməkdaşlığa əsaslanan idarəetmədir. Dünyanın ən uğurlu layihələri dövlət qurumlarının, peşəkarların, investorların və yerli icmaların ortaq məqsədlər naminə birgə fəaliyyət göstərdiyi layihələrdir. Vətəndaşların qərarqəbuletmə prosesinə düşünülmüş şəkildə cəlb olunması ictimai etimadı möhkəmləndirir, qərarların keyfiyyətini yüksəldir və əldə olunan nəticələrin dayanıqlılığını artırır.
Nəhayət, güclü institutların və peşəkar potensialın formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. XXI əsrin əsas çağırışlarından biri sürətlə inkişaf edən bir çox şəhərdə səmərəli planlaşdırma və idarəetmə sistemlərinin yetərincə inkişaf etməməsidir. Təkcə maliyyə investisiyaları kifayət etmir. Davamlı nəticələr səmərəli, məlumatlara əsaslanan idarəetmədən, eləcə də müxtəlif sahələr üzrə mütəxəssislərin koordinasiyalı fəaliyyət göstərmək bacarığından asılıdır.
- Rəqəmsal şəhər simulyasiyaları yeni şəhər mərkəzlərinin planlaşdırılmasında, məsələn, Qarabağ bölgəsində necə kömək edir?
- Qarabağda salınan yeni şəhər mərkəzləri baxımından bu o deməkdir ki, mütəxəssislər müxtəlif inkişaf ssenarilərinin mobilliyə, iqtisadi fəaliyyətə, ictimai xidmətlərin keyfiyyətinə və ümumilikdə həyat səviyyəsinə mümkün təsirlərini əvvəlcədən qiymətləndirə bilərlər. Bu yanaşma riskləri vaxtında müəyyənləşdirməyə, alternativ həlləri sınaqdan keçirməyə və daha əsaslandırılmış qərarlar qəbul etməyə imkan yaradır.
Bu alətlərin əsas üstünlüklərindən biri şəhərə qarşılıqlı əlaqədə olan vahid sistem kimi yanaşmağa imkan verməsidir. Mənzil, nəqliyyat və ya ətraf mühit kimi sahələri ayrı-ayrılıqda qiymətləndirmək əvəzinə, rəqəmsal simulyasiyalar bir sahədə baş verən dəyişikliklərin digər sahələrə necə təsir etdiyini aydın şəkildə göstərir. Bu isə daha balanslı, əlaqələndirilmiş və dayanıqlı şəhər inkişafını təmin edir.
Lakin bu texnologiyaların ən mühüm üstünlüklərindən biri gələcəklə bağlı ortaq baxışın formalaşdırılmasına xidmət etməsidir. Onlar dövlət qurumlarına, peşəkar mütəxəssislərə, investorlara və yerli icmalara mümkün inkişaf ssenarilərini birlikdə qiymətləndirmək və ümumi məqsədlər ətrafında əməkdaşlıq etmək imkanı yaradır.
Uğurlu şəhər inkişafı şəffaf, iştirakçılığa əsaslanan və inklüziv qərarqəbuletmə prosesindən asılıdır. Rəqəmsal modelləşdirmənin mühüm üstünlüklərindən biri mürəkkəb texniki məlumatları hamı üçün anlaşılan və vizual formada təqdim etmək imkanına malik olmasıdır. İnsanlar şəhərlərinin gələcəyini daha aydın təsəvvür etdikdə və qəbul edilən qərarların nəticələrini görə bildikdə, bu prosesdə daha fəal iştirak edirlər. Nəticədə, ictimai etimad güclənir, daha keyfiyyətli qərarlar qəbul olunur və daha dayanıqlı icmalar formalaşır.
- Beynəlxalq təcrübədəki hansı dərslər davamlı artım və nəqliyyat planlaşdırması kontekstində Bakı üçün faydalı ola bilər?
- Beynəlxalq təcrübədən çıxarılan ən mühüm nəticələrdən biri budur ki, şəhərlər nəqliyyat, torpaqdan istifadə, mənzil təminatı, ictimai məkanlar və iqtisadi inkişaf vahid yanaşma əsasında, yerli icmaların iştirakı ilə planlaşdırıldıqda daha uğurlu inkişaf edir.
London, Sinqapur, Kopenhagen və Toronto kimi şəhərlər göstərir ki, davamlı inkişaf ayrı-ayrı layihələrin həyata keçirilməsinə deyil, bir-biri ilə əlaqəli və funksional icmaların formalaşdırılmasına əsaslanır. İctimai nəqliyyata yatırılan investisiyalar qarışıq funksiyalı şəhərsalma, piyada yönümlü mühit, keyfiyyətli ictimai məkanlar və məşğulluq imkanlarına əlçatanlıqla tamamlandıqda daha yüksək nəticə verir.
Digər mühüm dərs uzunmüddətli strateji düşüncənin vacibliyidir. Bu gün qəbul edilən infrastruktur qərarları şəhərlərin inkişaf trayektoriyasını onilliklər boyunca müəyyənləşdirir. Aparıcı şəhərlər yaxşı anlayırlar ki, rifah və dayanıqlılıq nəqliyyat, binalar, ictimai məkanlar, mədəni obyektlər, iqlim dəyişikliklərinə uyğunlaşma və yaşıl infrastruktura əlaqələndirilmiş investisiyalar hesabına formalaşır. Onlar, həmçinin qəbul edirlər ki, təbiətə əsaslanan həllər yalnız şəhər mühitini gözəlləşdirmir, eyni zamanda, mühüm iqtisadi, sosial və ekoloji faydalar yaradan əsas infrastruktur elementlərindən biridir.
Beynəlxalq təcrübənin öyrətdiyi digər vacib məqam isə səmərəli idarəetmənin həlledici roludur. Davamlı olaraq yüksək nəticələr əldə edən şəhərlərdə inkişaf, innovasiya, investisiya, ətraf mühitin dayanıqlılığı, iqtisadi artım və ictimai gözləntiləri uzlaşdıran planlaşdırma və idarəetmə sistemləri fəaliyyət göstərir. Məhz belə idarəetmə modeli yüksək keyfiyyətli şəhər inkişafını təmin edir və uzunmüddətli strateji baxışın real nəticələrə çevrilməsinə şərait yaradır.
Bakı üçün əsas məqsəd "ikinci London" və ya "ikinci Sinqapur" olmaq deyil. Şəhər artıq bir çox dünya şəhərinin arzuladığı üstünlüklərə malikdir: güclü kimlik, zəngin mədəni irs və regionların, iqtisadiyyatların və mədəniyyətlərin qovşağında yerləşən unikal coğrafi mövqe.
Dünyanın ən uğurlu şəhərləri öz kimliyini qorumağı bacaran və eyni zamanda, yeniliklərə açıq olan şəhərlərdir. Bakının gələcəyi də məhz özünəməxsus üstünlüklərinə söykənən davamlı şəhər inkişafı modelinin formalaşdırılmasından, bu potensialın səmərəli şəkildə reallaşdırılmasından və gələcək nəsillərin qürur duyacağı bir şəhər irsinin yaradılmasından keçir.
Müəllif - Tamilla Məmmədova