KAZANDA MÜSƏLMAN RƏSSAM-XƏTTAT V.POPOVUN SƏRGİSİ BÖYÜK UĞURLA KEÇDİ
AZƏRTAC Müstəqil İslam İnformasiya Agentliyinə istinadla xəbər verir ki, noyabrın 30-da Tatarıstanın qocaman rəssamı, ilk və yeganə rus islam xəttatı Vladimir Popovun 80 illiyi münasibətilə keçirilən “Ömür mərhələləri” yubiley sərgisi başa çatmışdır. Respublika hökuməti rəssamı “Tatarıstan mədəniyyətinə töhfəsinə görə” medalı ilə təltif etmiş, Rəssamlar İttifaqı isə ona emalatxana ayırmışdır.
Rəssamın yaradıcılığını tədqiq edən sənətşünas Cənnət-Sergey Markus bildirmişdir ki, “onun yaradıcılığı rus incəsənəti üsullarının tətbiqi və rus xarakteri vasitəsilə İslamın möhtəşəmliyini və gözəlliyini təcəssüm etdirən kamil sənət nümunəsidir. Onun sulu boya ilə işlədiyi qırx yeni əsəri buna bariz misaldır. Əsərlərdə təsvir olunmuş mənzərələr Quranın xəttatlıq baxımından nəfis ayələri ilə ahəngdar şəkildə çulğalaşmışdır”.
Rəssam Kazan şəhərindəki ciddi rejimli həbsxanada məhbuslarla birlikdə cümə namazı qılmış, “Məhəmməd Peyğəmbər” (s) və Müqəddəs Quran” şəmailini və dörd xəttatlıq rəsmini onlara hədiyyə etmişdir. Həbsxananın rəisi Fərqat Qəlləmov minnətdarlıq əlaməti olaraq, rəssamı məhbuslar üçün yeni məscidin divarlarına naxışlar vurmağa dəvət etmişdir.