Keçmiş məcburi köçkün: Bu hissi sözlə ifadə etmək mümkün deyil VİDEO
Bakı, 8 iyul, AZƏRTAC
1992-ci ildə mənim 25 yaşım var idi. Bu gün elə həyəcanlıyam ki, insan buna inana bilmir – doğma Vətəninə qayıdır. İllərdir doğma yurdumuzdan didərgin düşmüşük. Ürəyimizdə həmişə bir niyyət, bir arzu var idi ki, evimizə qayıdanda onu həyata keçirəcəyik. 25 yaşında qoyub getdiyimiz arzuların dalınca indi, 60 yaşımızda geri qayıdırıq. Bu hissi sözlə ifadə etmək mümkün deyil. Yaşamaq lazımdır ki, onu anlayasan.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə köç edən keçmiş məcburi köçkün İsmayıl Abdullayev deyib.
“İndi doğma yurdumuza övladlarımız və nəvələrimizlə birlikdə qayıdırıq. Oğlum da bizimlədir. O, Vətən müharibəsi iştirakçısıdır. Özüm isə 1992-ci ildə döyüşçü olmuşam. Bu torpaqlardan gedəndə dörd nəfər idik, bu gün isə ailəmiz 10 nəfərdən çoxdur”, – deyə keçmiş məcburi köçkün A.İsmayıl bildirib.
“Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə şəfa versin. Prezidentimizə, Ali Baş Komandanımıza cansağlığı arzulayıram. Gənclərimizi qorusun. Bir də müharibə olmasın, heç kim qaçqın həyatı yaşamasın. Bütün xalqımızı təbrik edirəm. Hamıya cansağlığı arzulayıram”, – deyə o vurğulayıb.