Kənd Təsərrüfatı Nazirliyində “Aqrar inkişafda Heydər Əliyev irsi” mövzusunda tədbir keçirilib
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də Kənd Təsərrüfatı Nazirliyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Aqrar inkişafda Heydər Əliyev irsi” mövzusunda tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, nazirliyin Mərkəzi Aparatının əməkdaşları, Fermerlər Şurasının üzvləri, müxtəlif bölgələrdən dəvət olunmuş fermerlər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binasının foyesində ucaldılmış büstünün önünə əklil qoyub, əziz xatirəsini ehtiramla anıblar.
Sonra konfrans iştirakçıları nazirliyin yeni inzibati binası ilə tanış olublar.
Ümummilli Liderin xatirəsinə həsr olunmuş filmin nümayişi ilə başlayan tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunub saxlanılması istiqamətində fəaliyyətindən bəhs edib: “Ölkəmizin stabil və dayanıqlı inkişafının, beynəlxalq təhlükəsizlik sistemində layiqli yer tutmasının əsasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasət, məqsəd, vəzifə və prinsiplər önəmli rol oynayıb. Bu prinsiplərə əsaslanan sosial-iqtisadi siyasət günümüzdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ümummilli Lider Heydər Əliyev ölkəmizdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sisteminin qurulması və inkişafında müstəsna rolu olub. Onun aqrar sahədə həyata keçirdiyi islahatlar ölkəmizdə onilliklər boyu müasir kənd təsərrüfatı sisteminin formalaşmasına gətirib çıxarıb”.
Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərindən bəhs edib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev bütövlükdə müasir Azərbaycanın dinamik və davamlı inkişafının bünövrəsini yaradıb. Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə iqtisadiyyatın bütün sahələrində olduğu kimi aqrar sahənin inkişafında da yeni dönüş mərhələsi başlayıb, kənd təsərrüfatı istehsalının əsaslı yüksəlişi təmin edilib.
Tədbirdə çıxış edən əmək qəhrəmanı, tanınmış pambıqçı Sevil Osmanova, Fermerlər Şurasının üzvü Etibar Nuriyev, “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, Ümummilli Liderin aqrar sahənin inkişafında rolundan danışıblar.
Natiqlər bildiriblər ki, Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövr Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması ilə müasir tariximizə əbədi həkk olunub.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan şəxslərə üzvlük vəsiqələri təqdim edilib.