REGİONLAR
Kəngərli rayonunda yanğın-taktiki təlim keçirilib
Naxçıvan, 1 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsi “Səhiyyə müəssisələrində yanğınların söndürülməsi, tüstülü zonalardan insanların və zərərçəkənlərin xilas edilməsi” mövzusunda yanğın-taktiki təlim keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd səhiyyə müəssisələrində yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə baş verə biləcək yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsindən ibarətdir.
Təlim zamanı şərti yanğın yerinə operativ çatan Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri xəstələrin və tibbi personalın “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.
Təhlükəsizlik qaydalarına əməl olunmaqla icra edilən təlimdən sonra yanğından mühafizə bölmələrinin fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.