İDMAN
Kirsi Yerofeyev-Enqman: Azərbaycanda gimnastikanın inkişafına xüsusi diqqət göstərilir
Bakı, 8 noyabr, AZƏRTAC
Artıq doqquzuncu dəfədir ki, Azərbaycana gəlirəm. İlk gəlişimdən indiyədək ölkədə baş verən müsbət dəyişikliklər məni çox sevindirir. Azərbaycanda gimnastikanın inkişafına xüsusi diqqət göstərilir. Ölkənizdə idmanın bu növünün təbliği və kütləviləşməsi istiqamətində görülən işləri yüksək qiymətləndirirəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Avropa Gimnastika İttifaqının (AGİ) direktoru xanım Kirsi Yerofeyev-Enqman deyib.
Ölkəmizdə beynəlxalq idman tədbirlərinin yüksək səviyyədə təşkil edildiyini bildirən direktor vurğulayıb ki, Azərbaycan bir çox irimiqyaslı gimnastika yarışlarına ev sahibliyi edib. 2014-cü ildə Avropa çempionatı, ötən il Avropa Oyunlarının proqramına daxil olan gimnastika yarışları tamaşaçıların və idmansevərlərin zövqünü oxşamışdı.
İdmanın bu növünün inkişafı istiqamətində Azərbaycanda hər cür şəraitin yaradıldığını diqqətə çatdıran AGİ-nin rəsmisi Milli Gimnastika Arenasının möhtəşəmliyindən də danışıb.
“Avropa qitəsində qeyri-Olimpiya idman növləri inkişafdadır. Buna baxmayaraq Olimpiya idman növləri arasında gimnastika özünə məxsusluğu ilə seçilir və böyük auditoriyaya malikdir”, - deyə xanım Kirsi Yerofeyev-Enqman vurğulayıb.