KİTAB RƏFİ “MƏNİM XEYİRXAH ATAM” HƏMVƏTƏNİMİZİN KİTABDA VƏ KİNODA OBRAZIDIR
V.Qolyavkinin 75 illiyinə həsr olunmuş yeni nəşrə yazıçının müxtəlif illərdə yaratdığı üç povest daxil edilmişdir. Elə kitab da bu povestlərdən birinin adı ilə “Mənim xeyirxah atam” adlandırılmışdır. Daha çox avtobioqrafik xarakter daşıyan əsərdə müəllif 7 yaşlı oğlanın dilindən Bakı, onun sakinləri, burada keçmiş qayğısız uşaqlıq illəri, ilk rəsm əsərlərini mənzillərinin divarlarında və binanın giriş qapısında çəkmiş, sonralar məşhur rəssamlar olmuş dostları Toğrul və Tahir, nəhayət, atası - müharibədə həlak olmuş bəstəkar və dirijor barədə söhbət açır.
...“Mən atamı bir daha görməyəcəyəm...Atamı öldürüblər...Mənim atam, mənim xeyirxah atam...O, bir daha qayıtmayacaq...” – povest və 1970-ci ildə “Lenfilm” kinostudiyasında çəkilmiş eyniadlı film bu sözlərlə başa çatır.
O illərdə yaradılan hər bir film sanki bayrama çevrilir, işıqlı, xeyirxah obrazlarla tamaşaçının xatirində qalırdı. Həmin filmlərin bir çoxunun yaradıcıları sırasında Azərbaycanın yaradıcı ziyalıları da var idi.
“Mənim xeyirxah atam” filminin çəkilişləri Bakıda aparılmışdır. Tanınmış Azərbaycan və Rusiya aktyorlarının çəkildikləri filmdə ata rolunu Leonid Qaydayın komediyalarından tanıdığımız mərhum aktyor Aleksandr Demyanenko ifa etmişdir.