Kitabxana qonaqlarla aktual mövzulara həsr edilmiş onlayn görüşləri davam etdirir
Bakı, 7 iyun, AZƏRTAC
Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi maraqlı qonaqlarla aktual mövzulara həsr edilmiş onlayn görüşləri davam etdirir.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, pandemiya ilə əlaqədar internet üzərindən baş tutan görüşlərdə şair, yazıçı və incəsənət xadimləri böyük həvəslə izləyicilərin görüşlərinə gəlir, onların suallarını cavablandırıblar. Canlı yayımın budəfəki qonağı şair, tərcüməçi, türk dünyasının sevimli yazarı İmdat Avşar olub.
Qonaq 44 günlük Vətən müharibəsində rəşadət göstərən Azərbaycan əsgərinə həsr etdiyi şeirini söyləyib.
Xəyalə Zərrabqızı ifasında İmdat Avşarın Azərbaycan əsgərinə həsr etdiyi, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı, dostluğunun rəmzi sayılan “Tanrı türkü qorusun” şeiri izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Şeirdən sonra İmdat Avşar oxucu sualını cavablandırarkən, “Bir millət, iki dövlət” olan Türkiyə-Azərbaycan dostluğunu əsərlərində yaşadan və hər iki ölkədə poeziyası sevilən Almas İldırımın Mustafa Kamal Atatürkə yazdığı məktubu xatırladıb və bu hadisə ilə bağlı maraqlı bədii faktı izləyicilərlə bölüşüb.