Kiyev şəhərində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bilbordlar yerləşdirilib
Kiyev, 21 fevral, AZƏRTAC
“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Kiyevin mərkəzi ərazilərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasının (UAR) təşəbbüsü ilə yerləşdirilən bilbordların məqsədi Xocalı soyqırımı haqqında yerli sakinləri və xarici vətəndaşları məlumatlandırmaqdır. Bilbordlar Kiyevdə gediş-gəlişin daha sıx olduğu mərkəzi ərazilərdə - Qələbə prospekti, Qliboçitska, Siçovix Striltsa, Lesi Ukrainki küçələri, Kiyev-Borispol avtomobil magistral yolunda yerləşdirilib.
Bilbordlarda Xocalı soyqırımını özündə təcəssüm etdirən “Ana fəryadı” heykəli əksini tapıb və “Xocalıya ədalət!” şüarı yazılıb.
Bilbordlar Ukrayna ərazisində fevralın sonlarına qədər qalacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev