KİYEVDƏ GUÖAM ÖLKƏLƏRİ QADINLARININ II FORUMU İŞİNİ BAŞA ÇATDIRDI
Ukrayna paytaxtında GUÖAM-ın üzvü olan ölkələrin qadınlarının əməkdaşlığa dair II forumu başa çatmışdır. Forumda Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyevanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti iştirak etmişdir.
Z.Quliyeva forumda çıxışında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etdiyini nəzərə çarpdıraraq, azərbaycanlı qaçqınların və məcburi köçkünlərin vəziyyətindən, həmvətənlərimizin, o cümlədən qadın və uşaqlarımızın indiyədək erməni əsirliyində qalmasından narahatlığını bildirdi.
Forumun sənədlərinin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyəti Qətnamə layihəsinə bir sıra dəyişikliklər təklif etdi. Onlar qəbul olundu və sənədin son variantında öz əksini tapdı.
Azərbaycan tərəfinin təşəbbüsü ilə forumun BMT-nin baş katibinə müraciəti qəbul edildi. Müraciətdə forum iştirakçıları Kofi Annanı hələ də davam edən bütün silahlı münaqişələrin həlli sahəsində səyləri gücləndirmək üçün Baş katibə verilmiş mandatdan istifadə etməyə çağırmışlar.
Gürcüstan nümayəndə heyəti növbəti forumu Tbilisidə keçirməyi təklif etdi.
Forum iştirakçıları Ailə və Gənclərin İşləri üzrə Ukrayna Dövlət Komitəsinin rəhbərliyi ilə görüşdülər. Sonra onları Ukrayna Prezidenti Leonid Kuçma qəbul etdi. Nümayəndə heyətləri Kiyev meriyasında da oldular.
Azərbaycan nümayəndə heyəti ölkəmizin Ukraynadakı səfirliyində oldu, Ukrayna Azərbaycanlıları Konqresinin rəhbərliyi və fəalları ilə də görüşdü.
Zeynal Ağazadə
AZƏRTAC-ın ştatdankənar müxbiri
Kiyev