KİYEVDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜ İLƏ ƏLAQƏDAR MİTİNQ KEÇİRİLMİŞDİR
Səfirliyin qarşısındakı bağda Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyulduqdan sonra mitinq keçirildi. Səfir Tələt Əliyev, UAK-ın rəhbərləri Oqtay Əfəndiyev, Akif Gülməmmədov, UAK-ın Odessa regional təşkilatının sədri İsa Əliyev, Kiyevin Peçera Rayon Sovetinin deputatı Vilayət Quliyev və başqaları çıxış edərək, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin respublikamızın tarixindəki misilsiz rolundan danışdılar. Onlar xüsusi vurğuladılar ki, dahi liderin xəttini Prezident İlham Əliyev layiqincə davam etdirərək, daxili və xarici siyasətdə yeni uğurlara nail olur.
“Ukrayna-Azərbaycan” Dostluq Evinin direktoru Aleksandr İvançuk mitinqdə çıxışında bu evə Heydər Əlirza oğlu Əliyevin adının verilməsi təşəbbüsünü irəli sürdü. Bu təşəbbüs sürəkli alqışlarla qarşılandı.
Mitinq iştirakçıları daha sonra Heydər Əliyev adına Ukrayna-Azərbaycan Sosial Elmlər İnstitutunun binası qarşısına gələrək, ümummilli liderin buradakı büstü önünə tər çiçək dəstələri qoydular.