MƏDƏNİYYƏT
Kolumbiyanın Medellin şəhərində BMÜTT-nin Baş Assambleyasının 21-ci sessiyası işə başlayıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Kolumbiyaının Medellin şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının əsas orqanı olan və hər iki ildən bir keçirilən Baş Assambleyanın 21-ci sessiyası işinə başlayıb.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkəmizi Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Nümayəndə heyətinin tərkibinə ölkəmizin Kolumbiyada akkreditasiya olunmuş səfiri İlqar Muxtarov, Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Nahid Bağırov, Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Ramil Abbəkirov daxildir.
Tədbirin ilk günlərində BMÜTT Avropa üzrə Regional Komissiyanın 59-cu iclası və İcraiyyə Şurasının 101-ci sessiyası baş tutub.
Qeyd edilməlidir ki, Azərbaycan hazırda İcraiyyə Şurasının üzvüdür və şuranın iclaslarında səsvermə hüququna malikdir. Avropa üzrə Regional Komissiyanın 59-cu iclasında təşkilatın müxtəlif komitələrinə üzvlər seçilmiş, eləcə də İcraiyyə Şurasında təmsil ediləcək ölkələr müəyyən edilib. İcraiyyə Şurasına rəhbərliklə bağlı səsvermə sentyabrın 17-də baş tutacaqdır. Bununla bağlı ölkəmiz namizədliyini irəli sürüb.