KOMPÜTERLƏRİNİZİ MİKROBLARDAN TƏMİZLƏYİN!
ABŞ-ın Arizona ştatı universitetinin mikrobioloqları hesab edirlər ki, kompüter olduqca natəmiz qurğudur. Buna sübut kimi, alimlər aşağıdakı faktları misal gətirirlər: telefon aparatının hər kvadrat düyümündə 25 min 127 mikrob, kompüterin klaviaturasında 3295, “siçan”da isə 1676 mikrob olur. Beləliklə, adi ofisin hər kvadrat düyümündə 20 min 961 mikrob dolaşır. Alimlər ofis masalarını, ümumiyyətlə, “mikrob dağarcığı” adlandırmışlar.
AZƏRTAC elmi-kütləvi “Membran” internet-jurnalına istinadla xəbər verir ki, alimlər xəbərdarlıq edirlər: viruslar iş yerlərində 72 saat yaşaya bilərlər. Odur ki, ofislərdəki kompüter klaviaturasını, “siçan”ları və telefon aparatlarını mikroblardan daim təmizləmək lazımdır.