Koronavirus xəstələri ictimai yerlərdə müəyyənləşdirilərək saxlanılıb
Bakı, 19 mart, AZƏRTAC
COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları paytaxt ərazisində 6 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Həmin şəxslərə ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyənləşdirilib.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb və həmin şəxsləri yaşadıqları evə qaytarıblar. Bu barədə müvafiq səhiyyə qurumları da məlumatlandırılıb.
Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən Hacıqabul şəhər sakini H.İsayev barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.
Digər vətəndaşlar barəsində araşdırmalar davam etdirilir.
Daxili işlər orqanlarının əməkdaşları karantin rejiminin tələblərinə riayət olunması, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət-profilaktik tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunmasına çağırır.