Korpus dilçiliyi süni intellekt kontekstində inkişaf etdirilməlidir - professor Məsud Mahmudov
Bakı, 28 noyabr, Elçin Hüseynov, AZƏRTAC
Uzun illərdir ki, ictimai müzakirələrdə süni intellektin insan düşüncəsini təqlid etdiyi barədə fikir geniş yayılıb. Lakin bu yanaşmada müəyyən paradoks müşahidə olunur. Əslində, süni intellekt insan təfəkkürünü təqlid etmir. Bəzən tam əksinə, insan öz düşünmə tərzini süni intellekt sistemlərinin qəbul edə biləcəyi səviyyəyə endirir. Müəyyən məsələlər süni intellektin qavraya biləcəyi formal kateqoriya və anlayışlara çevrilir. İnsan təfəkkürün süni modelini qurmaqla elə bir sistem yaradır ki, bu model kompüterlərdə formal prinsiplər üzrə linqvistik və qeyri-linqvistik əməliyyatların yerinə yetirilməsinə imkan verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Süni intellekt və kompüter dilçiliyi şöbəsinin müdiri professor Məsud Mahmudov söyləyib.
Professorun sözlərinə görə, dilçi süni intellekt çərçivəsində dilin bütün səviyyələrində formal təhlil aparmağa çalışır, mətnlərin kompüter tərəfindən emalını mümkün edən mexanizmlər qurur: “Bu, xüsusən səsin mətnə, mətnin səsə çevrilməsi, avtomatik tərcümə, təbii dilin emalı kimi sahələrdə özünü göstərir. Təbii mətnin kompüter tərəfindən işlənməsi zamanı insan bəzən süni intellektin “düşünmə modeli” səviyyəsində həll yollarını axtarmağa məcbur olur.
Gözlənilir ki, gələcəkdə süni intellekt sistemləri öz-özünə öyrənmə mexanizmləri vasitəsilə daha mürəkkəb və bəzən gözlənilməz nəticələr əldə edə bilsin. Bu isə süni intellektin insan intellekti üçün çətin və ya mümkünsüz olan prosesləri icra edən müstəqil bir sistemə çevrilə biləcəyi ehtimalını gündəmə gətirir. Elə buna görə də bir sıra mütəxəssislər süni intellektin potensial risklərini diqqət mərkəzində saxlayırlar”.
Milli dil korpusu və korpus dilçiliyi məsələləri
Professor Məsud Mahmudov qeyd edib ki, milli dil korpusu hər bir dilin elektron məkanda rəqəmsal modelidir. Azərbaycan dilinin milli korpusu da dilimizin bütün üslub, yarus və funksional sahələr üzrə şifahi və yazılı xüsusiyyətlərini tam şəkildə əks etdirməlidir.
Onun sözlərinə görə, dil korpusu müəyyən qayda və nizamla elektron daşıyıcıda toplanmış təbii dil mətnlərindən ibarət sistemdir. Bu sistem tədqiqatçılara operativ, dəqiq və geniş məlumat təqdim edən nəhəng elektron lüğət - baza funksiyasını yerinə yetirir.
Korpus dilçiliyi isə müxtəlif dillərə aid mətnlərin əvvəlcədən müəyyən edilmiş prinsiplər üzrə elektron formatda toplanması, emalı və tədqiqat prosesində istifadəsi ilə bağlı məsələləri öyrənir.
Professor hesab edir ki, korpus dilçiliyi mütləq şəkildə süni intellekt kontekstində, xüsusən də təbii dilin avtomatik emalı istiqamətində inkişaf etdirilməlidir.
Süni intellekt Strategiyası və yeni yaradılan şöbənin fəaliyyəti
Alim xatırladıb ki, Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası” ilə bağlı imzaladığı Sərəncam ölkəmizdə süni intellektin inkişafını yeni mərhələyə qaldırır.
Bu strategiyadan irəli gələrək Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 2025-ci il 14 aprel tarixli qərarı ilə əvvəlki Kompüter dilçiliyi şöbəsinin bazasında Süni intellekt və kompüter dilçiliyi şöbəsi yaradılıb.
“Yeni şöbə artıq elmi fəaliyyətini genişləndirməkdədir. Milli dil texnologiyalarının yaradılması, dil korpuslarının təkmilləşdirilməsi, süni intellektin dilçilikdə tətbiq imkanlarının artırılması istiqamətində mühüm layihələr həyata keçirilməkdədir”, - deyə o əlavə edib.