İQTİSADİYYAT
Kosmik Nəsil Məşvərət Şurası tələbələr üçün 70-dən çox müxtəlif təqaüd təmin edir

Bakı, 28 sentyabr, AZƏRTAC
Kosmik Nəsil Məşvərət Şurası hər il öz Kosmik Nəsil Konqresini keçirir. Ötən il tədbir Parisdə olub, bu il Bakıda, gələn il isə Milanda keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kosmik Nəsil Məşvərət Şurasının həmsədri Antonino Salmeri Bakıda jurnalistlərə açıqlamasında deyib.
“Bizim işimizin əsas məqsədi bəşəriyyət naminə kosmik sahənin öyrənilməsi, təbliğ olunmasında gənclərin fikirlərini, səylərini təmsil etməkdir. Bizim təşkilat gənclərdən ibarət dünyanın ən böyük şəbəkəsidir. Bizim qurum tələbələr üçün 70-dən çox müxtəlif təqaüd təmin edir. Əsasən kosmik mövzuda, Ay səthinin araşdırılması, kosmik dayanıqlılıq, iqlim dəyişikliyi kimi müxtəlif mövzularda araşdırmalara dəstək veririk.
Biz BMT-nin kosmosun sülh naminə araşdırılması üzrə daimi Komitənin üzvüyük", - deyə Antonino Salmeri əlavə edib.