İQTİSADİYYAT
Kosmos sahəsində startapların qurulmasına həsr olunmuş master-klas keçiriləcək
Bakı, 25 sentyabr, AZƏRTAC
Oktyabrın 7-də Bakıda Ümumdünya Kosmos Həftəsi çərçivəsində kosmos sahəsində startapların qurulmasına həsr olunmuş “Pitch Deck” master-klası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) məlumat yayıb.
“Pitch Deck” sahibkarların potensial investorlar üçün hazırladıqları ətraflı təqdimat deməkdir. Həmin təqdimatda mövcud və ya qurulacaq startapın məqsədi, göstərdiyi xidmətlər və təklif olunan innovativ həll yolları, bazar imkanları, rəqabət mühitinin təhlili, maliyyə proqnozları və lazım olan investisiya dəstəyi kimi vacib aspektlər öz əksini tapır.
Master-klas “Azərkosmos”un aparıcı strategiya analitiki vəzifəsində çalışan, strateji layihələrin icrası, startap müzakirələri, eləcə də dizayn təfəkkürü vörkşoplarının keçirilməsində mütəmadi iştirak edən və Ümumdünya Kosmos Həftəsi çərçivəsində ölkəmizdə keçirilən tədbirlərin layihə rəhbəri Zəhra Qasımova tərəfindən keçiriləcək.
Qeydiyyatdan keçən ilk 20 nəfər tədbirdə iştirak edə biləcəyi üçün master-klasa qoşulmaq istəyən şəxslərin aşağıdakı link vasitəsilə oktyabrın 3-dək müraciət etməyi xahiş olunur: bitly.ws/Vuxm.
Ümumdünya Kosmos Həftəsi hər il oktyabrın 4-dən 10-dək qeyd olunur. BMT-nin Baş Assambleyasının bəyannaməsinə əsasən, ilk dəfə 2000-ci ildə başlayan bu ənənəyə uyğun olaraq, bu bir həftə ərzində dünyanın müxtəlif ölkələrində eyni anda kosmik qurumlar və digər tərəfdaşlar tərəfindən fərqli tədbirlər həyata keçirilir. Tədbirin başlanğıc və son tarixləri isə təsadüfən seçilməyib. Belə ki, 1957-ci il oktyabrın 4-də Yerin ilk süni peyki - “Sputnik 1” orbitə buraxılıb. 1967-ci il oktyabrın 10-da isə beynəlxalq kosmik hüququn əsasını təşkil edən Xarici Kosmos Müqaviləsi imzalanıb.