RƏSMİ XRONİKA
KRAL II ABDULLAH XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİNİN TƏLİM-TƏDRİS MƏRKƏZİNDƏ OLMUŞDUR
Qonağı burada XDMX-nin rəisi, general-polkovnik Vaqif Axundov səmimiyyətlə qarşıladı.
Kral II Abdullaha məlumat verildi ki, Prezident İlham Əliyevin göstərişi ilə müasir standartlara uyğun tikilən bu hərbi şəhərciyin ərazisində nəzarət-buraxılış məntəqəsi, qərargah, tədris binası, əsgər və zabit yataqxanaları, interaktiv tir, yeməkxana, müxtəlif ölçülü atıcılıq tirləri var. Burada regionda iri layihələrin, strateji obyektlərin, xüsusi dövlət idarələrinin mühafizəsi ilə bağlı ixtisaslaşdırılmış bölmələr üzrə kadrların peşəkarlığı artırılır, müasir texnologiyalar vasitəsilə təlimatlar verilir.
Kral II Abdullah xüsusi təyinatlı dəstələrin nümunəvi çıxışlarına baxdı, müxtəlif təmrinləri izlədi.
Xüsusi təyinatlıların rəmzi olaraq rəsmi qonağa qarşı terror aktının qarşısını alması və minanı zərərsizləşdirməsi əməliyyatı böyük maraqla qarşılandı.
Daha sonra ali qonaq interaktiv atıcılıq tirinin komanda-idarəetmə məntəqəsinə gəldi. Əlahəzrət Krala məlumat verildi ki, burada hədəflər elektron formada olduğu üçün əlavə əməliyyatlara ehtiyac qalmır, təhlükəsizlik qaydalarına tam əməl edilir. Xüsusi kamera və kompyuterlərdə ayrı-ayrı terror, təxribat aktlarına və digər hallara dair videosüjetlər hazırlanır, hədəflər süni şəkildə canlandırılır və atıcı onları nişan alır. Bu sistem ən son hazırlıq üsuludur. Kral II Abdullah hədəfə atəş açdı.
İordaniya Kralı təlim-tədris mərkəzinin hərbi rabitə və ağır texnikası ilə də tanış oldu, atıcılıq tirlərində məşqləri izlədi.
Kral II Abdullah mərkəzin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı. Ali qonağa xatirə hədiyyəsi təqdim edildi.
######