CƏMİYYƏT
Kür çayının aşağı axınında suyun səviyyəsi artıb
Bakı, 28 oktyabr, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-210, Kiçik Qafqazın çaylarında 170-230, Lənkəran-Astara bölgəsi çaylarında isə 250-450 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, oktyabrın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 205 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 8 santimetr artım qeydə alınıb. Məntəqədə su sərfi saniyədə 156 kubmetr olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 4 santimetr artıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 560, Salyanda 410, Bankədə 283, Novruzlu məntəqəsində isə 270 santimetrdir.