Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 16 santimetr artıb
Bakı, 30 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara bölgəsi çaylarında 40-50, Naxçıvan Muxtar Respublikası çaylarında isə 150 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, oktyabrın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 16 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 215 kubmetr olmaqla ongünlük normanın 130 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 198 kubmetr təşkil etməklə ongünlük normanın 120 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 58 kubmetr olmaqla ongünlük normanın 63 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə163 kubmetr təşkil edərək ongünlük normanın 177 faizinə bərabər olub.
Oktyabrın 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 3, Bankədə 4 santimetr artım, Surrada 14, Araz çayının Novruzlu məntəqəsində 10 santimetr azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 370 (2016-cı il oktyabrın 30-da 542 sm), Şirvanda 263, Salyanda 210 (2016-cı il oktyabrın 30-da 404 sm), Bankədə 195 (2016-cı il oktyabrın 30-da 282 sm), Araz çayının Novruzlu məntəqəsində isə 78 santimetr (2016-cı il oktyabrın 30-da 257 sm) təşkil edir.