REGİONLAR
Kürdəmirdə şəhid Feyruz Tarverdiyevin xatirəsi anılıb
Kürdəmir, 30 noyabr, AZƏRTAC
Kürdəmir rayonunun Sığırlı kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Feyruz İslam oğlu Tarverdiyevin xatirəsinə həsr edilən anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhidin məzarı üstünə çiçəklər düzülüb, ruhuna dualar oxunub, xatirəsi ehtiramla yad edilib. Rayon icra hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən Ağali Kərimli mərasimdə çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 22-də başlanan və 44 gündə qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb, bu qələbənin Feyruz və onun kimi igid oğullarımızın qanı bahasına başa gəldiyini, onların xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını söyləyib.
Çıxışlarda Feyruz Tarverdiyevin həyat tarixçəsindən danışılıb, keçdiyi döyüş yolundakı qəhrəmanlığından söz açılıb.
Şəhidin atası İslam Tarverdiyev oğlu ilə fəxr etdiyini, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Sonra Feyruzun bir vaxtlar təhsil aldığı kənd tam orta məktəbi şagirdlərinin ifasında Vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Qeyd edək ki, Feyruz İslam oğlu Tarverdiyev 1996-cı il iyulun 22-də Kürdəmir rayonunun Sığırlı kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra, 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətə gedib və 2017-ci ilin yanvarında tərxis olub. Vətən müharibəsi başlayanda cəbhəyə yollanıb. Xocavənd istiqamətindəki döyüşlərdə şəhid olub. Nəşi noyabrın 30-da Sığırlıya gətirilərək kənd qəbiristanlığında dəfn olunub. Ölümündən sonra Prezidentin sərəncamları ilə “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.