KÜRÜN DELTASINDA DƏRİNLİK DÖRD METRƏ ÇATDIRILMIŞDIR
Bakı, 15 may (AZƏRTAC). Kür ətrafı ərazilərdə daşqın təhlükəsi aradan qalxsa da, çaydakı bol suyun dənizə təhlükəsiz ötürülməsi istiqamətində görülən işlər fasiləsiz davam etdirilir.
Görülmüş tədbirlər nəticəsində çayın deltasında dərinlik 4 metrə çatdırılmış, 2 kilometrdən çox məsafə lildən təmizlənmişdir.
Layihəyə əsasən hazırda Kür çayının 2,6, Xəzər dənizinin isə 2 kilometrlik hissəsi lildən təmizlənir. Hazırda Dövlət Neft Şirkətinə məxsus gəmilər dənizin 1,2 kilometrlik hissəsini 4 metrə qədər dərinləşdirmişlər. Lillənmə bu ərazidə daha çox olduğundan qazma işlərinə Neft Şirkətinin Hollandiya istehsalı olan xüsusi dib dərinləşdirən CSD-500 gəmisi cəlb olunmuşdur. Saatda 4 min kubmetr lil sovuran bu gəminin köməyi ilə ərazidəki lil təmizlənərək borular vasitəsilə boş sahələrə vurulur. Artıq eni 35 metr, uzunluğu 1,2 kilometr olan ərazi lildən tam azad edilmişdir.
Kürün mənsəbində çalışan ”İnam” lil sovuran gəmisi isə çayın sol sahilinin 600 metrlik hissəsini 5 metrədək dərinləşdirmişdir.
Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilərsə, dənizin 2 kilometrlik hissəsini dərinləşdirir. Artıq 1 kilometrdən çox sahədə işlər sona çatdırılmışdır. Ərazidə qazma və dərinləşdirmə işlərini əsasən Xəzər Dəniz Gəmiçiliyinə məxsus minimum 4, maksimum 16 metr dərinlikdə qazma imkanına malik olan “Narva” gəmisi həyata keçirir. Gəminin sağ və sol tərəfində hər biri saniyədə 1600 litr su vurma və 3 kub metr torpaq götürə bilən iki nasos quraşdırılmışdır. Nasosların vasitəsi ilə lilli su deltadan çəkilərək gəminin yük anbarına boşaldılır. Anbarda xüsusi cihazların köməyi ilə lil sudan ayrılır və yığılan lil ərazidən 10 kilometr aralıda yerləşən Kür bankəsi adlanan əraziyə boşaldılır. Bundan əlavə, deltanın lildən və qumdan təmizlənməsi üçün “Abşeronski - 4”, “Abşeronski - 5”, “Bakinskaya - 3” və “Smelıy” yedək gəmiləri cəlb olunmuşdur.
Gəmilər çayda artıq maneəsiz hərəkət edirlər.