La-Ninya iqlim fenomeni maksimuma çatmışdır
Bakı, 11 fevral (AZƏRTAC). Sakit okeanın ekvatorial hissəsində suyun temperaturunun aşağı düşməsi ilə əlaqədar olan və demək olar ki, bütün yer kürəsində hava şəraitinə təsir göstərən La-Ninya iqlim fenomeni maksimum qüvvəsinə çatmışdır və qarşıdakı aylarda zəifləməyə başlayacaqdır.
Bu barədə BMT sisteminə daxil olan Ümumdünya Meteorologiya Təşkilatının məlumatında deyilir.
La-Ninya hadisəsi (La-Nina ispan dilindən tərcümədə “qız” deməkdir) Sakit okeanın tropik zonasının mərkəzi və şərq hissəsində suyun səthinin temperaturunun anomal şəkildə aşağı düşməsi ilə səciyyələnir. Bu proses həmin zonada istiləşmə ilə əlaqədar olan El-Ninyoya nisbətən ( El-Nino - “oğlan” deməkdir) əks prosesdir.
Həm El-Ninyo, həm də La-Ninya okean və atmosfer cərəyanlarının dövretmə sxemlərinə təsir göstərir ki, bu da öz növbəsində bütün yer kürəsində havaya və iqlimə təsir edir, bəzi regionlarda quraqlıqlara, digərlərində isə fırtınalara və güclü yağışlara səbəb olur.
2011-ci ilin ortalarında müşahidə edilmiş El-Ninyo - La-Ninya tsiklinin neytral vəziyyəti dövründən sonra avqust ayında Sakit okeanın tropik zonası soyumağa başlamışdır və oktyabrdan indiyədək zəif və mülayim qüvvəli La-Ninya hadisəsi müşahidə edilmişdir.
Məlumatda deyilir: “Riyazi modellər əsasında verilən proqnozlar və onların ekspert təfsiri təsdiq edir ki, La-Ninya maksimal gücünə yaxındır və çox güman ki, qarşıdakı aylarda yavaş-yavaş zəifləməyə başlayacaqdır. Lakin mövcud metodlar maydan sonrakı vəziyyəti proqnozlaşdırmağa imkan vermir, buna görə də Sakit okeanda necə vəziyyət yaranacağı - El-Ninyonun, La-Ninyanın, yaxud neytral vəziyyətin olacağı bəlli deyildir”.
Alimlər qeyd edirlər ki, 2011-2012-ci illərin La-Ninyası 2010-2011-ci illərdəkinə nisbətən xeyli zəif olmuşdur. Modellər göstərir ki, Sakit okeanda temperatur 2012-ci ilin martından mayınadək neytral rəqəmlərə yaxınlaşacaqdır.
2010-cu ilin La-Ninyası buludların sahəsinin azalması və passatların güclənməsi ilə müşayiət olunmuşdur. Təzyiqin aşağı düşməsi Avstraliyada, İndoneziyada və Cənub-Şərqi Asiya ölkələrində güclü yağışlara gətirib çıxarmışdır. Bundan başqa, meteoroloqların fikrincə, məhz La-Ninya cənubda güclü yağışlara və şərqi ekvatorial Afrikada quraqlığa, habelə Cənub-qərbi Asiyanın mərkəzi rayonlarında və Cənubi Amerikada quraqlığa səbəb olur.