Latviya Şərqi Avropanın ən bahalı üç ölkəsi sırasındadır
Riqa, 24 iyun, AZƏRTAC
2019-cu ildə Latviyada istehlak mallarının və xidmətlərinin qiymət səviyyəsi Avropa İttifaqı (Aİ) üzrə orta göstəricinin 79 faizini təşkil edib.
AZƏRTAC Aİ-nin statistika bürosu “Eurostat”ın açıqladığı məlumata istinadla xəbər verir ki, Şərqi Avropada daha yüksək qiymətlər yalnız Estoniyada (85 faiz) və Slovakiyada (81 faiz) qeydə alınıb.
Latviyada qida və alkoqolsuz içkilərin qiymət səviyyəsi Aİ üzrə orta göstəricinin 79 faizini, alkoqollu içkilər və tütün məhsullarının qiymət səviyyəsi 94 faizini, şəxsi nəqliyyatın qiymət səviyyəsi 89 faizini, restoran və otel xidmətlərinin qiymət səviyyəsi 87 faizini təşkil edib. İki kateqoriya üzrə - paltar və istehlakçı elektronikası üzrə qiymət səviyyəsi Latviyada Aİ üzrə orta göstəricidən yüksək olub (müvafiq olaraq 104 və 101 faiz).
Aİ-də ən ucuz qida məhsulları Rumıniyada (66 faizi) və Polşada (70 faizi), ən bahalı qida məhsulları isə Danimarka və Lüksemburqda müşahidə olunub (hər ikisində 124 faiz). Alkoqol və tütün məhsullarının ən yüksək qiyməti İrlandiyada (188 faiz) və Finlandiyada (157 faiz), ən aşağı qiyməti isə Bolqarıstanda olub (62 faiz). Danimarkada restoran və otellər Bolqarıstan ilə müqayisədə üç dəfə bahadır (müvafiq olaraq 156 və 45 faiz). Elektronika, geyim və şəxsi nəqliyyat vasitələri sahəsində orta qiymətlərdə nisbətən kiçik dəyişmələr qeydə alınıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa