Latviyada Azərbaycan Ordusuna dəstək mitinqi təşkil olunub VİDEO
Riqa, 3 oktyabr, AZƏRTAC
Riqa şəhərində Ermənistan ordusunun növbəti təxribatlarına qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına dəstək məqsədilə yürüş keçirilib.
AZƏRTAC xəbər verir ki “Səssiz yürüş” Riqa Texniki Universitetinin 3-cü kurs tələbəsi Samir Əzizovun təşəbbüsü ilə reallaşıb. Yürüşdə Riqada təhsil alan tələbələr və Azərbaycan diasporunun üzvləri fəal iştirak ediblər.
Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı yürüş zamanı “Qarabağ Azərbaycanındır”, “Torpaqlarımıza qayıtmaq istəyirik”, “Ordumuzun yanındayıq” digər şüarlar səsləndirilib. Yürüşə Türkiyə diasporunun nümayəndələri də qoşulub.
Yürüşün təşkilatçısı Samir Əzizov Latviya mətbuatına verdiyi müsahibədə Azərbaycan Ordusunun öz torpaqlarında döyüşdüyünü və bunun Azərbaycanın haqq davası olduğunu vurğulayıb.
Daha sonra müsahibə verən Baltikyanı Ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının latviyalı üzvü Elnur Rəhimov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə geniş məlumat verib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa