Lənkəranda COVID-19 pandemiyası ilə mübarizə məqsədilə maarifləndirmə aksiyası keçirilib
Lənkəran, 23 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 22-də Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə COVID-19 pandemiyasına görə şəhər ərazisində-yaşlı nəslin toplaşdığı məkanlarda, bazar ərazisində, avtovağzalda, park və xiyabanlarda, ticarət və xidmət obyektlərində, eyni zamanda Liman şəhəri ərazisində maarifləndirmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən aksiya zamanı şəhər sakinlərinə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın icrası istiqamətində həyata keçirilən əhalinin peyvənd edilməsinin vacibliyi bildirilib, tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə etməyin və sosial məsafənin gözlənilməsinin zəruri olduğu diqqətə çatdırılıb.
Aksiya zamanı, həmçinin, əhalinin vaksinasiya proseslərinə cəlb edilməsi üçün idarə tərəfindən hazırlanmış maarifləndirici banerlər əhalinin ən çox istifadə etdiyi ictimai nəqliyyatlarda, ticarət və xidmət obyektlərinin qarşılarında yapışdırılıb, sakinlərə maarifləndirmə bukletləri paylanılıb.