Lənkəranda fövqəladə hallar zamanı mülki müdafiə məsələləri ilə bağlı müzakirələr aparılıb
Lənkəran, 3 mart, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Gənclər və İdman İdarəsi və Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda videokonfrans keçirilib.
Onlayn tədbirdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin, FHN-nin Cənub Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Lənkəran Şəhər Təhsil şöbəsinin əməkdaşları, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin könüllüləri, orta və ümumtəhsil müəssisələrinin müəllim və şagirdləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirin keçirilməsində məqsəd müharibə və dinc dövrlərdə mülki müdafiə və fövqəladə hallarda mühafizə sahəsində əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, ictimaiyyətin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsidir.
Videokonfransda çıxış edən FHN-in Cənub Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, mayor Renad Nuriyev bildirib ki, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur. Elm və texnikanin sürətlə inkişaf etdiyi indiki dövrdə insanların təhlükəsizliyinin təmin edilməsi mühüm əhəmiyyət kəsb edir.
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə çıxışında qeyd edib ki, ali məktəblərdə “Mülki müdafiə” fənninin tədrisinin, ümumilikdə, mülki müdafiə işinin keyfiyyətinin artırılması, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gənc nəslin maarifləndirilməsi mühüm önəm daşıyır.
Gələcəkdə “Mülki müdafiə” fənnini tədris edən kadrların seçilməsinə diqqətin artırılmasının vacibliyini vurğulayan M.Cəfərzadə Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin iştirakı ilə açıq dərslərin keçirilməsinin, “Mülki müdafiə” fənninin tədrisi üçün maddi-tədris bazasının təkmilləşdirilməsinin və dərs vəsaitlərinin hazırlanmasında “Mülki müdafiə” fənninin tədrisini həyata keçirən ali təhsil müəssisələrinin iştirakının önəmini diqqətə çatdırıb.
Onlayn tədbirdə, həmçinin FHN-in Cənub Regional Mərkəzinin maarifləndirmə sektorunun müdiri Zaur Hüseynovun “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” və DYNX-nin Cənub Regional DYNİ-nin Dövlət Yanğın Nəzarəti şöbəsinin rəisi, polkovnik-leytenantı Samir Kərimovun “Odsöndürücü balonlardan istifadə qaydaları” mövzusunda məruzələri dinlənilib.
Tədbirdə fövqəladə hallar zamanı necə davranmalı, təcili və təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi, fərdi mühafizə vasitələri, əhalinin təxliyəsi, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə qaydaları izah edilib.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.