LƏNKƏRANDA MƏDƏNİYYƏT İŞÇİLƏRİ MÜSTƏQİL HƏMKARLAR İTTİFAQI RESPUBLİKA KOMİTƏSİNİN SƏYYAR İCLASI KEÇİRİLMİŞDİR
Tədbirin iştirakçıları şəhərin mərkəzi meydanında ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzmüş, böyük öndərin xatirəsini ehtiramla yad etmişlər.
Cənub bölgəsinin 7 rayonunun - Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının mədəniyyət şöbələri müdirlərinin, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi rayon təşkilatlarının rəhbərlərinin, gənclər və turizm idarələri rəislərinin iştirak etdikləri iclasda komitənin on altıncı konfransında qəbul edilmiş “İttifaqın 2005-2010-cu illər üçün fəaliyyətinin əsas istiqamətləri”nin icrası vəziyyəti müzakirə edilmişdir.
Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarovanın sədrliyi ilə keçən iclasda komitənin sosial-iqtisad şöbəsinin müdiri Mirzə Əlibəyovun “Mədəniyyət işçiləri müstəqil həmkarlar İttifaqının 2005-2010-cu illər üçün fəaliyyətinin əsas istiqamətləri”nin həyata keçirilməsi sahəsində Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayon komitələrinin işi haqqında” məlumatı dinlənilmişdir.
Müzakirələrdə rayon komitələrinin sədrləri çıxış edərək, təşkilatın on altıncı konfransında qəbul edilmiş qərarların icrası istiqamətində görülən işlər barədə iştirakçılara məlumat vermiş, mövcud problemlər, onların həlli yolları barədə təkliflərini bildirmişlər.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək Prezident İlham Əliyevin 2006-cı il 30 yanvar tarixli Fərmanı ilə yaradılmış yeni nazirliyin fəaliyyətinin əsas istiqamətləri və sturuktur dəyişiklikləri barədə iştirakçılara məlumat vermiş, mədəniyyət işçilərinin əmək hüquqlarının müdafiəsi, onların sosial durumunun yaxşılaşdırılması və istirahətlərinin təşkili sahəsində həmkarlar ittifaqı təşkilatlarının qarşısında duran vəzifələrdən danışmışdır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Aqil Dadaşov çıxış edərək, ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərdə fəhlə və qulluqçuların əmək hüquqlarını müdafiəsi məqsədilə həmin qurumlarda həmkarlar ittifaqı təşkilatlarının yaradıldığını bildirmiş, fəhlə və qulluqçuların iş və məişət şəraitinin yaxşılaşdırılması sahəsində həlli vacib məsələləri diqqətə çatdırmışdır.
Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova əldə etdikləri yüksək göstəricilərə görə Lənkəran və Cəlilabad komitələrinə kompyuter dəstləri, Lənkəran rayonunun bir qrup mədəniyyət işçisinə komitənin diplomlarını və pul mükafatlarını təqdim etmişdir.
Sonda 2005-ci ildə özünün 100 illiyini qeyd edən təşkilatın fəaliyyəti barədə film nümayiş etdirilmişdir.