LƏNKƏRANDA NAXÇIVAN MUXTAR RESPUBLİKASININ 80 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
Konfrans iştirakçıları şəhərin Heydər Əliyev meydanına gələrək, böyük öndərin xatirəsini ehtiramla yad etmişlər.
Universitetin rektoru, professor Mirzə Bağırov tədbirdə çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının tarixi, ictimai-siyası əhəmiyyətindən, ümummilli liderimiz Heydər Əliyevin muxtar respublikaya və Azərbaycana rəhbərliyi dövründə Naxçıvanın sosial-iqtisadi, mədəni quruculuq sahəsində əldə etdiyi nailiyyətlərdən danışmışdır.
LDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdürü, filologiya elmləri namizədi Mirhaşım Talışlı muxtar respublikanın çoxəsrlik dövlətçilik tarixi barədə məruzə etmişdir.
Universitetin tarix kafedrasının baş müəllimi Kamal Mahmudovun “Ermənilərin işğalçılıq siyasəti və Naxçıvan”, humanitar elmlər fakültəsinin dekanı, filologiya elmləri namizədi Mirhüseyn Abbasın “Azərbaycan poeziyasında Naxçıvanın tərənnümü” və s. mövzularda məruzələr dinlənilmişdir.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov tədbirdə çıxış edərək,ümummilli liderimiz Heydər Əliyevin milli dövlətçiliyimizin qorunub möhkəmləndirilməsində misilsiz xidmətlərindən, Lənkəranda Naxçıvanın 80 illiyi ilə əlaqədar həyata keçirilən mədəni-kütləvi tədbirlərdən danışmışdır.
Universitetin elmi kitabxanasında Naxçıvan Muxtar Respublikasının 80 illiyinə həsr edilmiş kitab sərgisi açılmışdır.