Lənkəranda onlayn rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
Lənkəran, 19 mart, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Sağlam gənclik naminə narkomaniyaya yox deyək!” mövzusunda keçirilən onlayn rəsm müsabiqəsinin qalibləri müəyyən edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beş gün davam edən onlayn rəsm müsabiqəsində 44 gənc arasında Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinin II kurs tələbəsi Sevanə Xalıqova birinci, Mamusta kənd Folklor Evinin yetirməsi Ziyatay İbrahimzadə ikinci, Şürük kənd tam orta məktəbinin VI sinif şagirdi Rza Hüseynov üçüncü yerlərə layiq görülüblər.
Xüsusi karantin rejiminin tələblərinə riayət edilməklə qaliblərə diplomlar və hədiyyələr təqdim olunub.
Qalibləri təbrik edən idarənin rəisi Mikayıl Cəfərzadə gənclərə narkomaniya, alkoqol və digər zərərli vərdişlərdən uzaq olmağı, sağlam həyat tərzi keçirməyi, gələcəkdə cəmiyyətimiz üçün sağlam və vətənpərvər gənc kimi yetişməsindən ötrü asudə vaxtlarının idmanla məşğul olmasını tövsiyə edib.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın icrası istiqamətində gənclərə sağlam həyat tərzini təbliğ etmək, onları narkomaniya, tütün, alkoqol və digər zərərli maddələrin mənfi təsiri ilə bağlı maarifləndirməkdir.